Ermənistandakı bu layihə Azərbaycanın imkanlarını genişləndirəcək
NVIDIA-nın qonşu Ermənistanda regionun ən böyük süni intellekt fabriklərindən birini qurması Cənubi Qafqazda texnologiya sahəsində yeni rəqabət yaradır. Milyardlarla dollar dəyərində nəzərdə tutulan layihənin Ermənistanın iqtisadi və texnoloji imkanlarını artıracağı gözlənilir. Bunun Ermənistan iqtisadiyyatı üçün müsbət hal olaraq qiymətləndirmək olar. Amma məsələ təkcə Ermənistan daxilindəki məsələ deyil, həm də qurulacaq bu fabrikin qonşu dövlətlərə hansı təsirlər göstərəcəyidir. Bu layihə Azərbaycan üçün hansı riskləri yarada bilər və ölkəmiz bu rəqabətdə hansı üstünlüklərə malikdir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistanda NVIDIA-nın süni intellekt fabrikinə yatırılacağı bildirilən 5 milyard ABŞ dolları birdəfəlik investisiya deyil və vəsaitin uzun illər ərzində mərhələli şəkildə yatırılması nəzərdə tutulur:
“Layihənin həyata keçirilməsi Ermənistanın rəqəmsal sektorunun inkişafına, ölkənin texnoloji imkanlarının genişlənməsinə və Qərb dövlətləri ilə rəqəmsal sahədə əməkdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər. Ermənistanda belə bir layihənin reallaşdırılması Azərbaycanı da düşündürməli və ölkəmizdə data mərkəzlərinin yaradılması, süni intellekt texnologiyalarının inkişafı və bu istiqamətdə nəzərdə tutulan strategiyaların icrasının sürətləndirilməsinə əlavə stimul verməlidir”.

A.Badamov qeyd edib ki, qarşıdakı dövrdə Cənubi Qafqazda rəqəmsal texnologiyalar və süni intellekt sahəsində rəqabətin yaranması gözləniləndir. Onun fikrincə, rəqabətin mövcudluğu inkişafı sürətləndirən əsas amillərdən biridir: “Ermənistanda belə bir texnoloji layihənin həyata keçirilməsini yalnız təhlükə kimi deyil, həm də Azərbaycanın öz imkanlarını daha sürətlə inkişaf etdirməsi üçün əlavə motivasiya kimi qiymətləndirmək lazımdır”.
Deputat Azərbaycanın bu sahədə Ermənistana nisbətən bir sıra üstünlüklərinin olduğunu vurğulayıb. O, ölkənin enerji potensialını, daha geniş ərazisini, fiber-optik və beynəlxalq kommunikasiya bağlantılarını, maliyyə resurslarını, həmçinin Türkiyə və Mərkəzi Asiya ilə nəqliyyat və kommunikasiya əlaqələrini əsas üstünlüklər sırasında qeyd edib.
A.Badamovun sözlərinə görə, Ermənistanda NVIDIA-nın süni intellekt fabriki layihəsinin reallaşdırılmasına yeni təhlükəsizlik problemi və ya Azərbaycana qarşı yönəlmiş “yeni silah” kimi yanaşmaq düzgün deyil:
“Daha doğru yanaşma bunu Cənubi Qafqazda rəqəmsal texnologiyalar, data mərkəzləri və süni intellekt sahəsində yaranacaq yeni rəqabətin bir hissəsi kimi qiymətləndirməkdir”.
O əlavə edib ki, əsas məsələ Azərbaycanın bu rəqabətdə öz üstünlüklərindən nə dərəcədə səmərəli istifadə etməsidir: "Bunun üçün data mərkəzlərinin yaradılması, enerji və telekommunikasiya infrastrukturunun genişləndirilməsi, süni intellekt üzrə yerli kadr potensialının formalaşdırılması və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində daha sürətli addımlar atılmalıdır".
İT mütəxəssisi Vüsal Məmmədzadə isə açıqlamasında bildirib ki, Ermənistanda qurulan süni intellekt infrastrukturu ilk növbədə bu ölkəyə böyük hesablama gücü qazandırır: “Müasir süni intellekt yarışında yalnız yaxşı proqramçıların olması kifayət etmir. Böyük modellərin hazırlanması, öyrədilməsi və işlədilməsi üçün minlərlə yüksək məhsuldarlıqlı GPU, data mərkəzləri, sürətli şəbəkə və böyük həcmdə elektrik enerjisi tələb olunur. Ermənistanın “Firebird” layihəsi də məhz bu infrastrukturu formalaşdırmağa hesablanıb. Bunun əsas əhəmiyyəti Ermənistanın tədricən yalnız proqram təminatı hazırlayan ölkə olmaqdan çıxaraq hesablama resursu təqdim edən ölkəyə çevrilə bilməsidir. Yerli şirkətlər, universitetlər və startaplar mürəkkəb süni intellekt modellərini xaricdəki data mərkəzlərində işlətmək əvəzinə ölkə daxilində böyük hesablama gücünə çıxış əldə edə, eyni zamanda bu imkanlar xarici şirkətlərə xidmət kimi təklif oluna bilər”.

İT mütəxəssisinin sözlərinə görə, burada daha mühüm məsələ ekosistem effektidir. Belə bir mərkəz sadəcə daxilində minlərlə prosessor olan bina deyil. Onun ətrafında data mərkəzi mühəndisləri, süni intellekt mütəxəssisləri, proqramçılar, tədqiqatçılar, startaplar və investorlar cəmləşə bilər. Bir neçə ildən sonra bu proses özünü gücləndirən texnologiya klasterinə çevrilə bilər: “Azərbaycan üçün əsas risk də məhz budur. Mən bunu Ermənistanın bir data mərkəzi qurması ilə deyil, Cənubi Qafqazın süni intellekt üzrə cazibə mərkəzinin hansı ölkədə formalaşacağı ilə bağlı rəqabət kimi qiymətləndirərdim. Beynəlxalq şirkət regionda süni intellekt layihəsi həyata keçirmək istəyirsə, onun üçün hesablama infrastrukturu, enerji, ixtisaslı kadr, qanunvericilik, investisiya mühiti və beynəlxalq texnologiya tərəfdaşlarının mövcudluğu birlikdə əhəmiyyət daşıyır”.
V.Məmmədzadə Azərbaycanın bu prosesə kənardan baxmadığını da vurğulayıb. O, qeyd edib ki, 2025-ci ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib. Strategiyada süni intellekt infrastrukturunun əlçatanlığının artırılması, tədqiqatların təşviqi, ixtisaslı kadrların hazırlanması, dövlət və özəl sektor əməkdaşlığı, startap və innovasiya ekosisteminin inkişafı əsas istiqamətlər kimi müəyyənləşdirilib. Azərbaycanın qlobal texnologiya şirkətləri ilə əlaqələrini də genişləndirdiyini bildirib. 2025-ci ilin dekabrında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev NVIDIA-nın qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmondla görüşüb. Görüşdə Azərbaycanda suveren milli süni intellekt platformalarının yaradılması, yüksək məhsuldarlıqlı hesablama infrastrukturu, startapların inkişafı, mütəxəssislərin hazırlanması və NVIDIA texnologiyalarının strateji sahələrdə tətbiqi müzakirə olunub.
V.Məmmədzadə Azərbaycanın bu rəqabətdə ən böyük üstünlüklərindən birinin enerji olduğunu diqqətə çatdırıb. O bildirib ki, böyük süni intellekt data mərkəzlərinin əsas xərclərindən biri elektrik enerjisidir və yeni nəsil mərkəzlərin enerji tələbatı artıq yüzlərlə meqavatla ölçülür: "Azərbaycan həm ənənəvi enerji resurslarına, həm də sürətlə böyüyən bərpa olunan enerji potensialına malikdir: “Azərbaycan paralel olaraq qlobal texnologiya şirkətləri ilə də əlaqələri genişləndirir. Ermənistan hazırda konkret böyük GPU infrastrukturu qurmaqla nəzərəçarpacaq addım atıb. Azərbaycan isə qanunvericilik və strategiya, beynəlxalq tərəfdaşlıqlar, enerji infrastrukturu, data mərkəzləri və insan kapitalı istiqamətlərində paralel addımlar atır. Azərbaycanın bu sahədə əsas üstünlüyü miqyas potensialıdır. Onun sözlərinə görə, mövcud enerji imkanları böyük GPU klasterləri, müasir data mərkəzləri, universitetlər, yerli startaplar və NVIDIA kimi qlobal texnologiya şirkətləri ilə real layihələrə çevrilərsə, Azərbaycan təkcə Ermənistanla rəqabət aparmaq deyil, daha geniş region üçün süni intellekt və hesablama infrastrukturu mərkəzinə çevrilmək imkanına malikdir".
Zərnigar Hüseynli
16:30 10.08.2026
Oxunuş sayı: 68