Xəzəryanı ölkələr tarixi sənəd imzaladı
İran Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın təsdiqi istiqamətində mühüm addım atır. Rəsmi Tehran hesab edir ki, bu qərar Xəzəryanı beş dövlət arasında əməkdaşlığın daha da güclənməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Xatırladaq ki, Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən 2018-ci ildə Aktau şəhərində imzalanan Konvensiya Xəzərin hüquqi statusunu müəyyən edən ilk hərtərəfli beynəlxalq sənəddir. Bəs bu Konvensiyanın region üçün strateji əhəmiyyəti nədən ibarətdir? Sənəd Xəzəryanı dövlətlər arasında hansı hüquqi və siyasi məsələləri tənzimləyir və İranın onu təsdiqləməsi bölgədə əməkdaşlıq baxımından hansı yeni imkanlar yarada bilər?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Xəzərin hüquqi statusu uzun illər region ölkələri üçün ən mühüm məsələlərdən biri olub: “Xəzər sahilində yerləşən beş dövlət bu məsələ ilə bağlı uzun müddət danışıqlar aparıblar. Əvvəlcə ikitərəfli və üçtərəfli razılaşmalar əldə olundu. Nəhayət, 2018-ci ildə bu gün də dünyanın diqqət mərkəzində olan Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı. İranın da bu Konvensiyanı təsdiqləməsi onu göstərir ki, sənəd Xəzəryanı beş dövlətin hər birinin maraqlarına cavab verir. Hər bir ölkə bu Konvensiyada öz daxili sularının, hüquqlarının təsbit edildiyini və eyni zamanda Xəzərdə əməkdaşlığın hüquqi əsaslarının müəyyənləşdirildiyini yaxşı anlayır. Xəzər qapalı su hövzəsidir, açıq dənizlərə çıxışı yoxdur. Buna görə də Xəzərlə bağlı bütün məsələlər yalnız sahilyanı beş dövlətin birgə razılığı və əməkdaşlığı əsasında həll edilməlidir. Sevindirici haldır ki, bu beş dövlət ümumi razılığa gəldi və Konvensiya son olaraq İran tərəfindən də təsdiqləndi. Azərbaycan bu sənədi vaxtında ratifikasiya edib. Azərbaycanın ərazi sularının sərhədləri müəyyənləşdirilib, Xəzərdə ölkəmizə məxsus sektor hüquqi baxımdan tanınıb. Eyni zamanda Azərbaycan digər sahilyanı dövlətlərin də Xəzərlə bağlı hüquqlarını tanıyır və onlara hörmətlə yanaşır”.
Ayhan
14:00 05.08.2026
Oxunuş sayı: 61