Zelenski Putinlə telefon danışığından niyə imtina edir?
Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmasların perspektivi hələ də qeyri-müəyyən olaraq qalır. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfi ilə telefon danışığı aparmaqdan imtina etdiyini açıqlayıb. O bildirib ki, belə bir danışıq Moskva üçün üzbəüz görüşlərdən yayınmaq və danışıqlar prosesini qeyri-müəyyən müddətə uzatmaq imkanı yarada bilər. Bu açıqlama tərəflər arasında diplomatik dialoqun gələcəyi və sülh danışıqlarının hansı formatda davam etdiriləcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Zelenskinin bu mövqeyi danışıqlar prosesində prinsipial yanaşmadır, yoxsa diplomatik təmaslardan yayınmaq üçün irəli sürülən bəhanədir? Rusiya həqiqətən birbaşa dialoqda maraqlı deyil, yoxsa tərəflər arasında etimad böhranı danışıqları dalana dirəyib?

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Aydın Tağıyev qeyd edib ki, Zelenskinin bu mövqeyini sadəcə bəhanə kimi qiymətləndirmək düzgün olmaz: "Burada həm real siyasi narahatlıq, həm də diplomatik taktika var. Zelenskinin dediyi fikrin mahiyyəti budur ki, Rusiya ilə telefon danışığı aparmaq özü-özlüyündə diplomatik irəliləyiş demək deyil. Əsas məsələkonkret nəticə əldə etməkdir”.
Ekspert qeyd edib ki, bu mövzuya bir neçə aspekdən baxanda görünən Zelenskinin danışıqların formatını müəyyənləşdirmək istəməsidir: “Çünki telefon danışığı Rusiyaya diplomatik prosesdə iştirak görüntüsü yaratmaq imkanı verə bilər. Lakin bu, Moskvanın müharibəni dayandırmağa hazır olduğunu göstərmir. Zelenski üzbəüz görüşü siyasi üstünlük hesab edir. Çünki belə görüşdə tərəflər konkret məsələlər üzrə mövqe bildirməli, məsuliyyət götürməli və razılaşma imkanlarını müzakirə etməlidirlər. Fikrimcə, telefon danışığına hazır olmaq sülhə hazır olmaq demək deyil. Təkrar deyirəm, əgər Moskva danışıqları Ukraynanın ərazi güzəştləri və təhlükəsizlik təminatları olmadan aparmaq istəyirsə, telefon danışığının heç bir ciddi nəticəsi olmayacaq”.
A.Tağıyev qeyd edib ki, hazırda Moskva ilə Kiyev arasında təkcə sülh şərtləri deyil, həm də kimin danışıqların siyasi gündəliyini müəyyənləşdirəcəyi uğrunda mübarizə gedir: “Bu mübarizədə hər iki lider diplomatik addımlarını həm müharibə meydanına, həm də öz ictimaiyyətinə hesablayır.
Yaxşı olardı ki, tərəflər bəyanatlarla deyil, konkret atəşkəs addımları ilə niyyətlərini sübut etsinlər ki, dinc insanlar müharibə təlafatlarnın qurbanı olmasın”.
Ayhan
21:00 04.11.2026
Oxunuş sayı: 60