Kreml Ukraynanı kapitulyasiyaya məcbur etmək istəyir - MÜSAHİBƏ
Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində diplomatik təmaslar davam etsə də, tərəflərin mövqeləri arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Moskvanın irəli sürdüyü ərazi tələbləri, Kiyevin ərazi bütövlüyündən geri çəkilmək istəməməsi və Avropa dövlətlərinin danışıqlar prosesində iştirakına Kremlin müqaviməti sülh perspektivini sual altında qoyur. Digər tərəfdən, Rusiyanın Ukraynanın uzaqmənzilli zərbələrini danışıqlara maneə kimi təqdim etməsi də tərəflər arasında qarşılıqlı ittihamları artırır. Bütün bunlar müharibənin nə zaman başa çatacağı ilə bağlı qeyri-müəyyənliyi dərinləşdirir. Rusiya sülhə hazır olduğunu, lakin Ukraynanın aramsız hücumları fonunda bunun mümkün olmadığını bildirir. Ukrayna prezidenti Volodemir Zelenski isə 1 noyabr Türkiyədə jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna sülhə hazırdır və danışıqları Türkiyədə aparmaq istəyir.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a müsahibə verib:

– Sizcə, müharibənin başa çatmasını istəyən Ukrayna hücumları nə üçün dayandırmır?
– Hazırda müharibənin davam etməsinə görə əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki Moskva müharibənin dayandırılması üçün elə şərtlər irəli sürür ki, bu tələblər faktiki olaraq Ukraynanın kapitulyasiya aktı imzalaması xarakteri daşıyır. Rusiya işğal etdiyi əraziləri öz sərhədləri daxilində saxlamaq niyyətini gizlətmir. Eyni zamanda, Ukraynadan hələ işğal edilməmiş digər əraziləri də boşaltmağı tələb edir. Belə vəziyyətdə sülh razılaşmasının əldə olunması real görünmür. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Ukrayna öz ərazilərini Rusiyaya güzəştə getməyəcək. Bu baxımdan, Moskvanın irəli sürdüyü şərtlər sülh prosesinin müsbət istiqamətdə inkişafına mane olan əsas amillərdəndir. Rusiyanın Ukraynanın zərbələrini danışıqlara maneə kimi təqdim etməsi isə müharibənin davam etməsinə görə məsuliyyəti Kiyevin üzərinə yönəltmək cəhdi kimi qiymətləndirilə bilər.
– Zelenski Türkiyədə danışıqlara hazır olduğunu bildirib. Sizcə, sülh istədiyini bəyan edən Rusiya bu çağırışa müsbət cavab verəcək?
– Rusiyanın indiki mövqeyinə nəzər saldıqda, Moskvanın öz tələblərindən geri çəkilmək niyyətində olmadığı görünür. Hazırda Rusiya ilə ABŞ arasında müəyyən anlaşmanın mövcud olduğu müşahidə edilir. Eyni zamanda, Kiyevə ciddi təzyiqlər göstərilir. Belə şəraitdə Kreml öz mövqeyini dəyişmək üçün ciddi əsas görmür. Hesab edirəm ki, Rusiya sülh şərtlərini neoimperialist və işğalçı tələblər üzərində qurur. Bu tələblər dəyişmədiyi müddətdə Türkiyədə və ya başqa platformada danışıqların müsbət nəticə verməsi inandırıcı görünmür.
– Rusiya Avropa dövlətlərinin sülh prosesində və danışıqlarda iştirakını nə üçün istəmir?
– Kreml Avropa dövlətlərinin Ukraynaya daha intensiv dəstək verdiyini yaxşı anlayır. Avropa ölkələrinin danışıqlar prosesinə cəlb olunması Rusiyanın irəli sürdüyü şərtlərin müzakirədən çıxarılması istiqamətində təzyiqləri artıra bilər. Məhz buna görə Moskva Avropa dövlətlərinin sülh prosesində iştirakına imkan vermək istəmir. Rusiya Ukraynanın gələcəyinin əsasən ABŞ ilə aparılan danışıqlar vasitəsilə müəyyənləşdirilməsinə çalışır. Halbuki nə rəsmi Kiyev, nə də Avropa ölkələri belə bir ssenarinin reallaşmasında maraqlı görünür. Bu yanaşma da sülh prosesinin irəliləməsini çətinləşdirir.
– Avropa dövlətlərinin vasitəçiliyini Rusiya istəmir. Bəs sizcə, danışıqlarda əsas vasitəçi kim olacaq?
– Mövcud vəziyyətdə ABŞ-nin vasitəçilik rolu ön plana çıxır. Çünki hazırda Rusiya ilə ABŞ arasında müəyyən anlaşmanın olduğu müşahidə edilir və danışıqlar prosesində əsas ağırlıq məhz Vaşinqtonun üzərinə düşür. Kreml də Avropa dövlətlərinin prosesə qoşulmasındansa, ABŞ ilə ikitərəfli təmaslara üstünlük verir. Lakin hesab edirəm ki, Avropanın iştirak etmədiyi danışıqlar formatında Ukraynanın maraqlarının tam şəkildə nəzərə alınması məsələsi ciddi suallar doğurur.
– Zelenski Ukrayna xalqının öz torpaqlarını tərk etməyəcəyini bildirib. Sizcə, bu əminlik nədən qaynaqlanır? Kiyev hansı siyasi və beynəlxalq dəstəyə arxalanır?
– Ukrayna rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkənin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Bu, Kiyevin prinsipial mövqeyidir. Digər tərəfdən, Avropa dövlətlərinin Ukraynaya dəstəyi də bu mövqenin qorunmasında mühüm amillərdən biridir. Rusiya Ukraynanın ərazilərini öz sərhədləri daxilində görmək istəyir. Lakin rəsmi Kiyev bu tələbləri qəbul etmək niyyətində deyil. Məhz bu ziddiyyət müharibənin davam etməsinə səbəb olan əsas amillərdən biri olaraq qalır.
– Ukraynadakı mümkün hakimiyyət dəyişikliyi ilə bağlı nə düşünürsünüz? Zelenski hakimiyyətdən gedə bilərmi?
– Rusiya və ABŞ Ukraynada hakimiyyət dəyişikliyinə nail olmağa çalışsalar da, hələlik bu istiqamətdə konkret nəticə əldə edə bilməyiblər. Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət dövründə prezident seçkilərinin keçirilməsi mümkün deyil. Zelenski də seçkilərin təşkili üçün üç aylıq atəşkəsin vacibliyini gündəmə gətirmişdi. Lakin Kreml belə uzunmüddətli atəşkəsə qarşı çıxır. Moskva hesab edir ki, Ukrayna bu müddətdən hərbi qüvvələrini bərpa etmək üçün istifadə edə bilər. Rusiyanın təklif etdiyi yanaşma isə prezident seçkilərinin keçirildiyi gün atəşkəs elan olunmasını nəzərdə tutur. Bu da göstərir ki, Kreml Ukraynada siyasi proseslərə təsir etmək niyyətindən əl çəkməyib. Lakin hazırkı şəraitdə hakimiyyət dəyişikliyinin reallaşması üçün konkret mexanizmlər və imkanlar aydın deyil.
– Sizcə, bu ilin sonu Ukrayna müharibəsi sülhlə nəticələnə bilər, yoxsa müharibənin daha uzun müddət davam etməsi ehtimalı yüksəkdir?
– Hazırkı proseslər müharibənin yaxın zamanda başa çatmasından daha çox, davam etməsi ehtimalını ön plana çıxarır. Rusiyanın ərazi tələblərindən geri çəkilməməsi, Ukraynanın torpaq güzəştlərini qəbul etməməsi və Avropa dövlətlərinin danışıqlardan kənarda saxlanılması sülh perspektivini zəiflədir. Tərəflərin mövqeləri arasında bu qədər ciddi ziddiyyət olduğu halda, yaxın müddətdə müsbət nəticənin əldə olunması inandırıcı görünmür. Hesab edirəm ki, mövcud şərtlər dəyişməzsə, müharibənin daha uzun müddət davam etməsi ehtimalı yüksək olaraq qalacaq.
Ayhan
14:00 02.11.2026
Oxunuş sayı: 235