İran XİN: Antisemitizmin İran dini və mədəniyyəti ilə əlaqəsi yoxdur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi antisemitizmin Avropaya xas tarixi fenomen olduğunu və İranın dini-mədəni irsi ilə əlaqəsinin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, İranda yəhudi icmasının dini və tarixi irsinə hörmət göstərilir.
“İran ərazisində təxminən 100 sinaqoq var. Ölkənin müxtəlif bölgələrində yəhudi peyğəmbərlərinin və tanınmış şəxsiyyətlərinin məzarlarına baxmaq kifayətdir”, – deyə Bəqayi bildirib.
İran XİN rəsmisi İsraillə davam edən hərbi qarşıdurmaya da toxunaraq ölkəsində yəhudilərin müqəddəs məkanlarına qarşı hücumların geniş yayılmadığını iddia edib.
O qeyd edib ki, nadir hallarda belə hadisələr baş verdikdə dərhal müvafiq tədbirlər görülüb.
Bəqayi İsrail hakimiyyətinin bütün yəhudiləri təmsil etməsi iddiasını da qəbul etmədiyini vurğulayıb.
“Avropadan soruşmaq lazımdır ki, necə bir mədəniyyət yaradıblar ki, orada yəhudi qəbiristanlıqlarına hücum edilir, sinaqoqlar tikanlı məftillərlə əhatə olunur və ya onların lövhələri götürülür”, – deyə İran XİN sözçüsü bildirib.
Qeyd edək ki, Avropada yəhudi icmalarına qarşı hücumlar və antisemitizm halları beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Avropa Komissiyası da antisemitizmə qarşı mübarizə və yəhudi icmalarının təhlükəsizliyinin təmin edilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
Bəqayinin İranla bağlı açıqlamasında göstərdiyi rəqəmlər və hadisələrə dair qiymətləndirmələr isə İran tərəfinin mövqeyini əks etdirir.
12:07 02.11.2026
Oxunuş sayı: 53