Bu hallarda kredit borcunuz silinə bilər
Bankdan kredit götürən vətəndaş üçün borcun qaytarılması öhdəliyi bəzən
ciddi maliyyə çətinliyinə çevrilir. İş yerini itirmək, gəlirlərin azalması,
sağlamlıq problemləri və digər gözlənilməz hallar kredit ödənişlərinin
gecikməsinə, hətta borcun uzun müddət ödənilməməsinə səbəb ola bilər. Belə
vəziyyətlərdə vətəndaşların bir qismi borcun müəyyən müddətdən sonra avtomatik
silinəcəyini düşünür. Ancaq kredit borcunun yaranma müddəti, ödənişlərin
gecikməsi və ya məhkəmə prosesinin başlanması öz-özlüyündə borcun ləğvi demək
deyil.
Qanunvericilikdə müəyyən hallarda borc öhdəliyinə xitam verilməsi, borcun
tam və ya qismən bağışlanması, kreditorla razılaşma əsasında ödəniş şərtlərinin
dəyişdirilməsi kimi imkanlar mövcuddur. Bununla yanaşı, borclunun vəfat etməsi,
iddia müddətinin keçməsi, bankın borcu güzəşt etməsi və ya məhkəmə qərarları
kimi hallar da ayrıca hüquqi qiymətləndirmə tələb edir. Hər bir vəziyyətdə
borcun hansı əsasla və hansı prosedurla ləğv edilə biləcəyi fərqli ola bilər.
Digər tərəfdən, kredit borcunu ödəyə bilməyən vətəndaşların hüquq və vəzifələri, bankın borcun tutulması üçün görə biləcəyi tədbirlər, zaminlərin məsuliyyəti və girov qoyulmuş əmlakın taleyi də diqqət çəkən məsələlərdəndir. Xüsusilə iddia müddətinin keçməsinin borcu avtomatik aradan qaldırmadığını və bunun hüquqi nəticələrinin konkret vəziyyətdən asılı olduğunu nəzərə almaq vacibdir.

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Crossmedia.az-a açıqlamasında
bildirib ki, kredit müqaviləsi üzrə sonuncu ödənişdən sonra üç il müddət
keçərsə və bank bu müddət ərzində borcla bağlı hər hansı bildiriş və ya
pretenziya məktubu göndərməzsə, məhkəməyə müraciət etməzsə, iddia müddəti
məsələsi gündəmə gəlir:
“Eyni zamanda, kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra üç il
ərzində bank tərəfindən borcun tələb edilməsi istiqamətində hər hansı addım
atılmayıbsa, vətəndaşın iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə
təqdim etmək hüququ var. Hətta bank həmin müddətdən sonra məhkəməyə iddia
ərizəsi ilə müraciət etsə belə, vətəndaş iddia müddətinin tətbiq olunmasını
tələb edə bilər.
Şəxs vəfat etdikdən sonra onun vərəsələri həmin şəxsin hər hansı əmlakını
qəbul ediblərsə, kreditorlar qarşısındakı öhdəlikləri də qəbul etdikləri
əmlakın dəyərinə və həmin əmlakdakı paylarına mütənasib şəkildə daşıyırlar.
Vətəndaş üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməzsə, bank
bununla bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmənin çıxardığı qərar və ya
qətnamə vətəndaş tərəfindən icra edilmədikdə isə qanunvericilikdə nəzərdə
tutulan hallardan asılı olaraq, onu inzibati və ya cinayət məsuliyyəti gözləyə
bilər.
Vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, bununla bağlı banka müraciət edə
və borcun restrukturizasiyasını xahiş edə bilər. Lakin bankın bu müraciəti
qəbul edib-etməməsi onun öz hüququ və qərarıdır. Bank borcun restrukturizasiyasına
razılıq verə də bilər, verməyə də bilər”.
11:00 02.11.2026
Oxunuş sayı: 227