Hörmüz boğazında naməlum mərmi gəmiyə dəyib
Hörmüz boğazında naməlum mərminin gəmilərdən birinə dəydiyi bildirilir. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, ticarət gəmisinin kapitanı VHF radioəlaqəsinin 16-cı kanalında qəbul edilən “Mayday” fövqəladə yardım siqnalını ötürüb. Siqnalda başqa bir gəminin naməlum mərmi ilə vurulduğu bildirilib.
Hadisənin noyabrın 1-də, saat 15:09-da (Qrinviç vaxtı ilə) baş verdiyi qeyd olunub.
UKMTO araşdırma davam etdiyi müddətdə gəmiləri Hörmüz boğazından ehtiyatla keçməyə və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Mərkəz mərminin dəydiyi gəminin adını açıqlamayıb. Həmçinin hadisə nəticəsində xəsarət alanların olub-olmaması, gəmiyə dəyən zərərin miqyası və mərminin mənbəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, oktyabr ayında Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində kommersiya tankerlərinə qarşı bir sıra hücumlar qeydə alınıb. Dəniz təhlükəsizliyi ilə bağlı hesabatlara görə, həmin hücumların bəziləri yanğınlara və gəmilərin zədələnməsinə səbəb olub.
ABŞ və İran arasında davam edən gərginlik, xüsusilə qlobal neft və qaz ixracı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
09:07 02.11.2026
Oxunuş sayı: 55