Rusiyalı musiqiçi Aleksey Tarasov dünyasını dəyişib
Rusiyanın “Lyube” musiqi qrupunun bek-vokalçısı Aleksey Tarasov 64 yaşında dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, “UNIAN” nəşri Rusiya mediasına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, musiqiçinin ölümünə uzun müddət mübarizə apardığı onkoloji xəstəlik səbəb olub. Qrupun nümayəndələri də Tarasovun vəfat etdiyini təsdiqləyiblər.
Bildirilib ki, bu ilin əvvəlində musiqiçiyə qırtlaq xərçəngi diaqnozu qoyulub. Bir neçə ay sonra isə onda metastazlarla müşayiət olunan bağırsaq xərçəngi aşkarlanıb. Son aylarda səhnəyə çıxmayan Tarasov səhhəti ilə bağlı ictimaiyyətə açıqlama verməyib.
Aleksey Tarasov 1989-cu ildə yaradılan “Lyube” qrupuna ilk gündən qoşulub. O, kollektivin bütün studiya albomlarının yazılmasında iştirak edib və qrupun əsas bek-vokalçılarından biri olub.
Qrupun solisti Nikolay Rastorquyev isə Vladimir Putinin siyasi fəaliyyətini dəstəkləməsi ilə tanınır. O, Rusiyada hərbi əməliyyatları dəstəkləyən tədbirlərdə və Ukrayna ərazilərinin işğalına dəstək xarakterli konsertlərdə iştirak edib. Rastorquyevin adı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Kremlin ruporları” bazasına daxil edilib. Ona qarşı Avropa İttifaqı, Kanada və digər ölkələr tərəfindən sanksiyalar tətbiq olunub.
04:00 02.11.2026
Oxunuş sayı: 41