WhatsApp qrupunda valideyni təhqir edən qadın 500 manat cərimələndi
Naftalanda valideynlərin WhatsApp qrupunda qadını təhqir edən şəxs 500 manat cərimələnib.
Crossmedia.az xəbər verir ki, 27 yaşlı Aygün Həbibova və 29 yaşlı Nazlı İsayeva (adlar şərtidir) arasında valideynlər üçün yaradılan WhatsApp qrupunda mübahisə yaranıb. Mübahisə zamanı Aygün Həbibova qrup üzvlərinin görə biləcəyi şəkildə Nazlı İsayevi nalayiq ifadələrlə təhqir edib.
Bundan sonra Nazlı İsayeva şəxsi avtomobili ilə Aygünün yaşadığı binanın qarşısına gəlib. Qarşılaşan qadınlar əvvəlcə bir-birinə ayaqqabı atıb, daha sonra əlbəyaxa olublar. Nazlı Aygünün saçından tutub. Qadınları Aygünün həyat yoldaşı ayırıb.
Hadisədən sonra hər iki qadın saxlanılıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib edilib.
Bundan əlavə, Aygün Həbibovaya qarşı Məcəllənin 510.2-ci maddəsi ilə də protokol hazırlanıb. Həmin maddə internetdə və ya telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət nəzərdə tutur.
Tərəflər 157-ci maddə üzrə bir-birlərini bağışladıqlarını bildiriblər. Məhkəmə barışığı nəzərə alaraq bu maddə üzrə icraata xitam verib.
Lakin Aygün Həbibova 510.2-ci maddə əsasında 500 manat məbləğində cərimələnib.(Modern.az)
18:54 01.11.2026
Oxunuş sayı: 67