Si Cinpin Ukrayna ilə bağlı ABŞ-Rusiya-Çin sammitinə maraq göstərmir
Çin Şərqi Avropadakı müharibənin müzakirəsi üçün ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli sammitin keçirilməsində maraqlı deyil. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Pekində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündən sonra açıqlama verib.
Crossmedia.az xəbər verir ki, UNIAN bu barədə “Yahoo” nəşrinə istinadən məlumat yayıb.
Ştaynmayer Almaniya televiziyasına müsahibəsində bildirib ki, Si Cinpinlə görüş zamanı Ukrayna məsələsinə dair mümkün üçtərəfli sammitin keçirilməsi ehtimalını müzakirə edib. Onun sözlərinə görə, Çin lideri bu təklifə təəccüblə yanaşıb.
Almaniya Prezidenti qeyd edib ki, Si Cinpin Ukraynadakı müharibəni Avropa münaqişəsi kimi qiymətləndirib və onun həllində avropalıların da danışıqlar masasında iştirak etməli olduğunu vurğulayıb.
Ştaynmayerin sözlərinə görə, hazırda ABŞ, Rusiya və Çinin iştirakı ilə Ukrayna üzrə ayrıca sammitə hazırlıq aparıldığına dair heç bir əlamət yoxdur.
Bununla belə, Donald Tramp, Vladimir Putin və Si Cinpinin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi gözlənilir. Lakin Ştaynmayerin açıqlamasına əsasən, həmin görüşdə Ukrayna məsələsinin müzakirə olunması nəzərdə tutulmur.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ və Çin liderləri ilə üçtərəfli görüş keçirməyi təklif etmişdi. Kreml görüş ehtimalının müzakirə olunduğunu təsdiqləsə də, format və gündəliklə bağlı yekun razılaşmanın əldə edilmədiyi bildirilmişdi.
18:30 01.11.2026
Oxunuş sayı: 55