Şimali Koreya yeni döyüş başlığını sınaqdan keçirib
Şimali Koreya taktiki ballistik raketlərdə istifadə üçün nəzərdə tutulan kaset tipli döyüş başlığını sınaqdan keçirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Şimali Koreyanın dövlət mediası KCNA-nın məlumatına görə, oktyabrın 31-də keçirilən sınaq zamanı “Standart Tip 2” adlı döyüş başlığının imkanları yoxlanılıb. Pxenyanın iddiasına əsasən, başlıq ən yüksək sıxlıqda 12–13 hektar ərazidəki hədəfləri məhv etmək gücünə malikdir.
Şimali Koreya Raket Administrasiyasının rəsmisi kaset döyüş başlıqlarının təyinatına görə dörd kateqoriyaya bölündüyünü bildirib. KCNA-nın məlumatına görə, ölkə 2026-cı ilin sonunadək bu növlərin hərbi bölmələrdə istifadəsini təmin etməyi planlaşdırır.
Sınağa Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin yüksək vəzifəli nümayəndəsi, general Kim Conq Sik rəhbərlik edib.
Qeyd edək ki, Şimali Koreya bu ilin aprelində də taktiki ballistik raketlərə quraşdırılan kaset döyüş başlıqlarını sınaqdan keçirdiyini açıqlamışdı. Son sınaq ölkənin son həftələrdə raket sınaqlarını və hərbi nümayişlərini intensivləşdirdiyi dövrə təsadüf edib.
16:30 01.11.2026
Oxunuş sayı: 54