İran Böyük Britaniyanın hərbi dəniz qüvvələrini terror təşkilatı elan edib
İran Böyük Britaniyanın hərbi və kəşfiyyat qurumlarına qarşı yeni qərar qəbul edib. Tehran administrasiyası Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrini (Royal Navy) və Kral Hərbi-Hava Qüvvələrini (Royal Air Force) “terror təşkilatı”, ölkənin xarici kəşfiyyat xidməti MI6-nı isə “düşmən qrup” kimi tanıyıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, qərar Böyük Britaniyanın son bir il ərzində İrana qarşı həyata keçirdiyi düşmənçilik xarakterli addımlara cavab olaraq qəbul edilib.
Xüsusilə, Londonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) 2026-cı il Dövlət Təhdidləri Qanununun əhatə dairəsinə daxil etməsi Tehranın qərarına səbəb kimi göstərilib.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb ki, 1 noyabr 2026-cı il tarixindən etibarən MI6 “düşmən qrup” hesab ediləcək, Böyük Britaniyanın Kral Hərbi Dəniz və Hərbi-Hava Qüvvələri isə “terror təşkilatı” kimi tanınacaq.
Bildirilib ki, bu qərar beynəlxalq hüquq normaları və qarşılıqlılıq prinsipi çərçivəsində qəbul edilib.
13:33 01.11.2026
Oxunuş sayı: 56