Qidadan imtina hansı hallarda sağlamlıq üçün risklidir?
Aclığı universal müalicə üsulu kimi qəbul etmək düzgün deyil. Uzun müddət qidadan imtina etmək bəzi hallarda sağlamlıq üçün ciddi risklər yarada bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya bərpa təbabəti üzrə mütəxəssis, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov məlumat verib.
Mütəxəssis bildirib ki, qidadan imtina orqanizmə enerji və qida maddələrinin daxil olmasına təsir göstərir, insanın ümumi vəziyyətini dəyişə və müəyyən xəstəliklər zamanı təhlükəli ola bilər.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan və aclığın müxtəlif xəstəlikləri sağaltdığını iddia edən məlumatlara əsaslanmaq əvəzinə, elmi sübutları, mümkün riskləri və fərdi əks-göstərişləri nəzərə almaq lazımdır.
Mamatov vurğulayıb ki, aclığın hər kəs üçün uyğun olduğunu və geniş spektrli xəstəlikləri müalicə edə biləcəyini təsdiqləyən əsas yoxdur. İstənilən aclıq rejimi mütəxəssis nəzarəti altında həyata keçirilməlidir.
O, həmçinin insanın sağlamlıq vəziyyətinin nəzərə alınmasının vacibliyini qeyd edib. Risklərin yaşdan, qidalanmadan, xroniki xəstəliklərdən, qəbul edilən dərmanlardan və digər amillərdən asılı olduğunu bildirib.
Mütəxəssis diabet, bəzi mədə-bağırsaq xəstəlikləri və digər sağlamlıq problemləri zamanı qidalanma rejiminin dəyişdirilməsinə xüsusi ehtiyatla yanaşılmasının vacibliyini vurğulayıb. Uzun müddət qidadan imtina ilə bağlı qərarların tibbi qiymətləndirmə olmadan verilməməli olduğunu bildirib.
Aleksey Mamatov orqanizmdə baş verən fizioloji proseslərlə reklam xarakterli vədləri də qarışdırmamağa çağırıb. Onun sözlərinə görə, enerji qəbulu dəyişdikdə orqanizm maddələr mübadiləsini tənzimləyir və daxili enerji ehtiyatlarından istifadə edir. Lakin bu proses aclığı bütün sağlamlıq problemlərinin həlli kimi qəbul etməyə əsas vermir.
11:46 01.11.2026
Oxunuş sayı: 54