Rubio: Türkiyənin taxıl daşımaları ilə bağlı təkliflərini araşdırırıq
ABŞ Türkiyənin Qara dəniz üzərindən taxıl daşımalarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflərini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio G20 ölkələrinin xarici işlər nazirlərinin Atlantada keçirilən toplantısı çərçivəsində təşkil etdiyi mətbuat konfransında bildirib.
Rubio dünya ölkələrinin taxıl tələbatının Qara dəniz vasitəsilə ödənilməsinə marağın yenidən artdığını qeyd edib. O, bu məsələnin yeni olmadığını, Türkiyənin əvvəllər də bu istiqamətdə ardıcıl səylər göstərdiyini və bir müddət əvvəl müvafiq razılaşmanın əldə olunduğunu, lakin sonradan həmin razılaşmanın pozulduğunu xatırladıb.
ABŞ Dövlət katibi yeni razılaşmanın əldə olunması ehtimalı ilə bağlı proqnoz vermək istəmədiyini bildirib. O, xüsusilə Afrika qitəsinə təsir edən bu problemin təcili həllinə ehtiyac olduğunu vurğulayıb və məsələnin enerji aspektinin də diqqətdən kənarda qalmamalı olduğunu qeyd edib.
Rubionun sözlərinə görə, müxtəlif ölkələrlə danışıqlar davam edir. ABŞ Türkiyənin bir-iki həftə əvvəl təqdim etdiyi təklifləri araşdırır və bu istiqamətdəki işləri qiymətləndirməyə davam edəcək.
“Biz buna nail olmaq istəyirik. Bu, müharibəni bütövlükdə başa çatdırmasa da, ən azı onun müəyyən bir istiqamətindəki problemi həll edə bilər”, – deyə Rubio bildirib.
Dövlət katibi taxıl daşımalarının təhlükəsizliyini təmin edəcək qismən atəşkəsin əldə olunmasını istədiklərini də vurğulayıb. Bunun nə vaxt baş verə biləcəyi ilə bağlı isə konkret müddət açıqlamaqdan çəkinib.
08:50 01.11.2026
Oxunuş sayı: 47