İran ABŞ-lə danışıqları planlaşdırmır: Erakçi şərtləri açıqladı
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi ABŞ rəsmiləri ilə görüşmək planlarının olmadığını bildirib. O, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Erakçi ABŞ-nin vitse-prezidenti JD Vensin İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzaiyə göndərdiyi iddia olunan məktubun diqqətlə araşdırıldığını və məsələnin müvafiq qurumlarda müzakirə edildiyini deyib. Nazir hazırda ABŞ ilə birbaşa danışıqlara ehtiyac görmədiklərini, Qətər və Pakistan vasitəsilə təmasların davam etdiyini bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin ölkənin irəli sürdüyü şərtləri qəbul etməsindən sonra danışıqların birbaşa, yoxsa dolayı formatda aparılacağına qərar verəcək. Erakçi həmçinin Hörmüz boğazının açılması ilə bağlı təklifin icra müddətinin 7 gündən 5 günə, daha sonra isə 2 günə endirilməsinin müzakirə olunduğunu açıqlayıb.
Nazir İranın neft satışına tətbiq edilən məhdudiyyətlərdən azad edilməsini və xaricdə, o cümlədən Qətərdə dondurulmuş aktivlərinin sərbəst buraxılmasını da tələb etdiyini bildirib.
İran ordusundan mümkün hücuma cavab xəbərdarlığı
Digər tərəfdən, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi ABŞ və İsrailin mümkün hücumuna qarşı sərt bəyanatla çıxış edib.
O bildirib ki, İran ordusu ölkəni müdafiə etməyə və ABŞ-İsrail qüvvələrinə coğrafi məhdudiyyət olmadan cavab verməyə hazırdır. Abdullahi mümkün hücuma əvvəlki müharibədən daha güclü və təsirli zərbə ilə qarşılıq veriləcəyini iddia edib.
Baş Qərargah rəisi düşmən tərəfin yeni sürprizlə qarşılaşacağını bildirərək, hücum əlamətləri müşahidə ediləcəyi təqdirdə gözləmədən dərhal cavab verəcəklərini vurğulayıb.
19:57 31.10.2026
Oxunuş sayı: 67