ŞAD XƏBƏR - Əməkhaqqılar artırılır
2027-ci il üçün Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının yeni hədlərinin müəyyənləşdirilməsi sosial təminat məsələlərini yenidən gündəmə gətirib. Layihəyə əsasən, gələn il ölkə üzrə yaşayış minimumunun 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat olması nəzərdə tutulur. Yeni göstəricilər əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə göstərilən dəstək və sosial ödənişlərin gələcək məbləğləri baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəs yaşayış minimumunun və ehtiyac meyarının artırılması sosial müavinətlərin məbləğində hansı dəyişikliklərə səbəb olacaq? Gələn il pensiya, müavinət və digər sosial ödənişlərdə nə qədər artım gözlənilir? Bu artımlar əhalinin sosial rifahına nə dərəcədə təsir edəcək? Qarşıdakı ilin sosial siyasətindən gözləntiləri və mümkün dəyişiklikləri müzakirə edirik.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:
"2027-ci ildə yaşayış minimumunun və ehtiyac meyarının 300 manatdan 314 manata qaldırılması sosial müdafiəyə ehtiyacı olan əhali üçün müəyyən müsbət dəyişikliklər yaradacaq. Xüsusilə ünvanlı dövlət sosial yardımı alan ailələrin vəziyyətinə təsir göstərə bilər. Çünki ehtiyac meyarı ailənin sosial yardım almaq hüququnun və yardımın məbləğinin hesablanmasında əsas göstəricilərdən biridir. Ailənin hər bir üzvü üçün 314 manatlıq hədd nəzərə alınacaq və ailənin gəliri ilə bu məbləğ arasındakı fərq sosial yardımın hesablanmasına təsir edəcək. Digər sosial ödənişlərə gəlincə, yaşayış minimumunun artırılması bütün müavinətlərin avtomatik olaraq eyni faizlə yüksəlməsi demək deyil. Bunun üçün hökumətin ayrıca qərarı və büdcə vəsaiti tələb olunur. Pensiyaların indeksləşdirilməsi isə ayrıca mexanizmlə, əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun həyata keçirilir".

İqtisadçı qeyd edib ki, proqnozuna görə, 2027-ci ildə pensiya, sosial müavinət və əməkhaqlarında təxminən 8-10 faiz civarında artım real görünür: "Daha yüksək artım gözləmək üçün hələlik ciddi iqtisadi əsaslar yoxdur. Əsas məsələ nominal artımla yanaşı, əhalinin real alıcılıq qabiliyyətinin qorunmasıdır. Əgər qiymətlər də eyni və ya daha yüksək templə artarsa, sosial ödənişlərdəki yüksəliş vətəndaşların gündəlik həyatında ciddi yaxşılaşma yaratmayacaq".
Ayhan
19:30 31.10.2026
Oxunuş sayı: 91