Cizgi filmlərinin uşaqlara mənfi təsirləri - psixoloq açıqladı
Uşaqların dünyanı tanımağa başladığı ilk mərhələdə cizgi filmləri onların ən sevimli əyləncə vasitələrindən birinə çevrilir. Rəngarəng obrazlar, maraqlı süjetlər və fantastik hadisələr balacaların diqqətini cəlb etməklə yanaşı, onların düşüncə tərzinin, davranışlarının və həyata baxışlarının formalaşmasına da təsir göstərir. Lakin hər cizgi filmi uşaqlar üçün zərərsiz və faydalı məzmun daşımır. Bəzən əyləncə məqsədilə hazırlanan səhnələrdəki aqressiya, zorakılıq, qorxu və mənfi davranış nümunələri uşaqların şüurunda dərin iz buraxa bilər. Xüsusilə gördüklərini təqlid etməyə meyilli olan azyaşlılar ekranda izlədikləri obrazların hərəkətlərini gündəlik həyatlarına da daşıya bilirlər. Bu baxımdan cizgi filmlərinin yalnız əyləndirməsi deyil, həm də uşaqların psixoloji inkişafına müsbət təsir göstərməsi vacib məsələyə çevrilir.
Bəs cizgi filmlərindəki aqressiv və qorxuducu səhnələr uşaqların psixologiyasında hansı izləri buraxır? Onlar gördükləri davranışları nə dərəcədə mənimsəyir və gündəlik həyatlarında təkrarlayırlar? Eyni zamanda, uşaqlar üçün cizgi filmi ssenariləri hazırlanarkən hansı psixoloji və pedaqoji məqamlar nəzərə alınmalıdır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən psixoloq Aysu Həsənova bildirib ki, cizgi filmləri uşaqların dünyanı tanıma prosesində düşündüyümüzdən daha böyük rol oynayır:

"Çünki uşaq erkən yaşlarda ətrafında baş verənləri yalnız dinləyərək deyil, həm də müşahidə edərək və gördüklərini təqlid edərək öyrənir. Bu baxımdan cizgi filmləri onun üçün sadəcə əyləncə deyil, eyni zamanda davranış modellərini müşahidə etdiyi bir mühitdir. Burada diqqət yetirilməli olan əsas məqam uşağın hansı obrazı izləməsi deyil, həmin obrazın davranışının necə təqdim olunmasıdır. Məsələn, bir qəhrəman istədiyinə çatmaq üçün başqa birini vurur, təhqir edir və nəticədə heç bir mənfi qarşılıq görmürsə, uşaq bunu problemin həlli üsullarından biri kimi qavraya bilər. Albert Banduranın sosial öyrənmə nəzəriyyəsi də göstərir ki, uşaqlar müşahidə etdikləri davranışları mənimsəyə və müəyyən situasiyalarda təkrarlaya bilirlər. Hətta bəzən uşaq cizgi filmində gördüyü aqressiv davranışı dərhal deyil, günlər sonra öz oyunlarında və ünsiyyətində təkrarlaya bilər. Çünki oyun uşağın gördüklərini yenidən canlandırdığı, emosiyalarını ifadə etdiyi və dünyanı öz təcrübəsinə uyğun mənalandırdığı əsas vasitələrdən biridir. Digər mühüm məqam isə uşağın ekrandakı hadisəni reallıqdan nə dərəcədə ayıra bilməsidir. Xüsusilə məktəbəqədər yaşlarda fantastik hadisələrlə real təhlükələr arasındakı sərhəd tam formalaşmadığı üçün qorxuducu səhnələr uşaqda düşündüyümüzdən daha güclü iz buraxa bilər. Bəzən bu təsir birbaşa qorxu şəklində deyil, gecə tək yatmaq istəməmək, qaranlıqdan çəkinmək, valideyndən ayrılarkən narahatlıq keçirmək və ya yuxu pozuntuları kimi özünü göstərə bilər. Burada bir məqamı da vurğulamaq istəyirəm, uşaqlar yalnız gördükləri aqressiyanı deyil, obrazların emosiyalarını ifadə etmə tərzini də mənimsəyirlər. Əgər cizgi filmində hər narazılıq qışqırmaqla, hər münaqişə zorakılıqla həll edilirsə, uşaq zamanla bu reaksiyaları normal ünsiyyət forması kimi qəbul edə bilər. Əksinə, obrazların üzr istəməsi, qarşı tərəfin hisslərini anlaması, qəzəbini idarə etməsi və problemi danışaraq həll etməsi uşağa sağlam emosional davranış nümunələri təqdim edir. Bununla belə, hər aqressiv səhnənin hər uşaqda eyni nəticəni yaradacağını düşünmək doğru deyil. Uşağın yaşı, temperament xüsusiyyətləri, emosional həssaslığı, ailədə gördüyü münasibət modelləri və izlədiyi məzmunun tezliyi təsirin gücünü müəyyən edən amillərdəndir. Cizgi filmləri hazırlanarkən də bu fərqlər nəzərə alınmalı, zorakılıq əyləncəli və qəhrəmanlıq nümunəsi kimi təqdim edilməməli, süjetlər uşaqların yaşına və idrak imkanlarına uyğun qurulmalıdır. Valideynlər isə yalnız cizgi filminin yaş məhdudiyyətinə baxmaqla kifayətlənməməli, onun məzmununa da diqqət yetirməlidirlər. Uşaqla birlikdə izləmək, hadisələr haqqında danışmaq, obrazların nə üçün belə davrandığını və başqa hansı seçimlərinin ola biləcəyini soruşmaq onun tənqidi düşünmə və empatiya bacarıqlarını inkişaf etdirə bilər. Çünki uşağa sadəcə nəyi izləməməli olduğunu deməkdən daha əhəmiyyətlisi, gördüyünü düzgün qiymətləndirməyi öyrətməkdir. Əslində, yaxşı cizgi filmi uşağı mənfi emosiyalardan tamamilə uzaqlaşdıran deyil, ona həmin emosiyaları tanımağı, anlamağı və sağlam şəkildə ifadə etməyi göstərən məzmundur".
Nuray Oqtayqızı
17:00 31.10.2026
Oxunuş sayı: 51