Keçmiş sözçüsü Zelenskinin siyasi davranışlarını tənqid edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel onun Rusiya Prezidenti Vladimir Putinə özünü güclü siyasi lider kimi göstərməyə çalışdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “Lenta.ru” nəşri bu barədə Mendelin “YouTube” kanalında yayımlanan açıqlamasına istinadən məlumat yayıb.
Mendel Zelenskinin siyasi ritorikasını və diplomatik yanaşmasını tənqid edərək onun davranışlarının arxasında Putinə özünü sübut etmək istəyinin dayana biləcəyini irəli sürüb.
“Sizə elə gəlmirmi ki, bütün bu təhdid diplomatiyası və sərt davranışlar Zelenskinin Putinə sadəcə komediya aktyoru deyil, böyük lider olduğunu sübut etməyə çalışmasından irəli gəlir?” – deyə o bildirib.
Keçmiş mətbuat katibi Ukraynanın Rusiyadakı üç neft emalı zavoduna zərbələr endirməsindən sonra Zelenskinin Türkiyəyə səfər etməsini də tənqid edib.
O, Ukrayna liderinin xarici səfərlər həyata keçirdiyi halda, ölkənin bir sıra vətəndaşlarının müharibə dövründə tətbiq edilən məhdudiyyətlər səbəbindən ölkədən çıxa bilmədiyini vurğulayıb.
15:45 31.10.2026
Oxunuş sayı: 61