Misir İrana qarşı hərbi əməliyyatların genişlənməsinə qarşı çıxıb
Misirin xarici işlər naziri Bədr Əbdülati İranla bağlı hərbi qarşıdurmanın yenidən genişlənməsinin daha ağır və dağıdıcı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdülati bu barədə açıqlama verib.
Nazir bildirib ki, regionda gərginliyin artmasının qarşısını almaq üçün diplomatik səylər gücləndirilməlidir.
“Gərginliyin artmasının qarşısını almaq üçün ciddi səylər göstərməliyik. Çünki əminik ki, qarşıdurmanın ikinci mərhələsi daha təhlükəli, daha dağıdıcı olacaq və heç bir nəticə verməyəcək”, – deyə Əbdülati vurğulayıb.
O, keçmiş hadisələrdən nəticə çıxarmağın vacibliyini qeyd edərək hərbi müdaxilənin problemlərin həlli yolu olmadığını bildirib.
“Biz keçmişdən dərs çıxarmalıyıq. Hərbi variantlar düzgün həll yolu deyil”, – deyə Misirin xarici işlər naziri əlavə edib.
Misirin xarici işlər naziri bu fikirləri oktyabrın 31-də Bəhreyndə keçirilən "IISS Manama Dialogue" təhlükəsizlik forumunda səsləndirib.
Nazir ABŞ və İran arasında yeni hərbi qarşıdurmanın region üçün ciddi nəticələr doğura biləcəyindən narahatlığını ifadə edib.
Qeyd edək ki, iyun ayında əldə olunan müvəqqəti razılaşma davamlı atəşkəsi təmin etməyib. Hazırda tərəflər arasında diplomatik təmaslar davam etsə də, nüvə danışıqları, sanksiyalar və Hörmüz boğazındakı məhdudiyyətlərlə bağlı fikir ayrılıqları qalmaqdadır.
13:15 31.10.2026
Oxunuş sayı: 52