ABŞ Ukraynaya 500 raketin satışını təsdiqləyib: Çatdırılma illərlə çəkə bilər
ABŞ Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 500 raketin satışına icazə versə də, onların çatdırılmasının bir neçə il davam edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu məsələ ilə bağlı Vaşinqtona müraciət edib.
Zelenski ABŞ və müttəfiq ölkələrin mövcud ehtiyatlarında olan "PAC-3" raketlərinin yeni istehsal prosesini gözləmədən Ukraynaya verilməsini istəyib. Tərəflər yeni raketlərin istehsalı ilə bağlı artıq kommersiya əsasında razılığa gəliblər.
Kiyev 2026–2027-ci illərin qış mövsümündə ballistik raket hücumlarından müdafiə üçün hər ay 100 raketin çatdırılmasını xahiş edib.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiya yalnız oktyabrın son iki həftəsində ölkənin əsas enerji infrastrukturu obyektlərinə 30-dan çox zərbə endirib.
Ukrayna tərəfi təklif edir ki, raketlər hazırda ABŞ və tərəfdaşlarının mövcud ehtiyatlarından verilsin, istifadə olunan ehtiyatlar isə sonradan artıq ödənilmiş müqavilələr əsasında istehsal ediləcək raketlərlə bərpa olunsun.
ABŞ Dövlət Departamentinin təsdiqlədiyi satış paketinin ümumi dəyəri təxminən 2,1 milyard dollardır. Raketlərin əsas istehsalçısı "Lockheed Martin" şirkəti olacaq.
"Reuters"in məlumatına görə, yeni raketlərin çatdırılmasının 2030-cu illərin əvvəllərində başlanacağı gözlənilir.
13:56 31.10.2026
Oxunuş sayı: 54