Qəbul imtahanlarında fənn sayı azaldılır? - AÇIQLANDI
Ali təhsil müəssisələrinə qəbul imtahanları abituriyentlərin bilik səviyyəsinin və ixtisaslara uyğun hazırlığının qiymətləndirilməsində əsas mexanizmlərdən biridir. Lakin qəbul prosesində bir neçə fənn üzrə biliklərin yoxlanılması, hazırlıq müddətinin uzunluğu və imtahan yükü hər il təhsil ictimaiyyətində müzakirələrə səbəb olur. Fənlərin sayının azaldılması təklifi abituriyentlərin üzərindəki akademik yükün yüngülləşdirilməsi baxımından müsbət qarşılanmaqla yanaşı, qiymətləndirmənin obyektivliyi və gələcək tələbələrin ümumi bilik səviyyəsinin qorunması ilə bağlı suallar da yaradır. Bu baxımdan, qəbul imtahanlarında fənlərin sayının dəyişdirilməsinin təhsil sisteminə, abituriyentlərin hazırlıq səviyyəsinə və ixtisas seçiminə mümkün təsirləri diqqət çəkir.
Təhsil eksperti Əzizə Fətullayeva Crossmedia.az-a açıqlamasında qəbul imtahanlarında fənlərin sayının azaldılmasını mümkün hesab etdiyini, ancaq bunun qiymətləndirmə sistemində də keyfiyyət dəyişikliyi ilə müşayiət olunmalı olduğunu bildirib.
Ekspertin fikrincə, əsas məsələ imtahan fənlərinin sayından daha çox, abituriyentin seçdiyi ixtisasa hazırlığının hansı meyarlarla qiymətləndirilməsidir: “Hesab edirəm ki, universitetə qəbul imtahanlarında fənlərin sayının azaldılması həm nəzəri, həm də praktik baxımdan mümkündür. Lakin bu dəyişiklik yalnız imtahan yükünü azaltmaq məqsədi daşımamalıdır. Əsas məsələ abituriyentin seçdiyi ixtisasa hazırlığını hansı bilik və bacarıqlar əsasında qiymətləndirdiyimizdir”.

Əzizə Fətullayeva xaricdə təhsil almağı hədəfləyən şagirdlərin bir qisminin hazırlığını əsasən IELTS və SAT imtahanları üzərində qurduğunu xatırladıb. O, bu imtahanların bütün universitetlərdə eyni qəbul şərtlərini təmin etmədiyini vurğulamaqla yanaşı, daha konkret istiqamətlər üzrə hazırlığın şagirdlərə vaxt və enerjilərini məqsədyönlü bölüşdürmək imkanı verdiyini qeyd edib.
Təhsil eksperti qiymətləndirmə prosesində əzbərləmə ilə yanaşı, təhlil, araşdırma və müstəqil düşünmə bacarıqlarına da üstünlük verilməli olduğunu bildirib: “Şagirdin davamlı olaraq məlumat əzbərləyib test həll etdiyi mexaniki rejimə alışması müasir dünyanın tələb etdiyi bacarıqlarla hər zaman uzlaşmır. Gənclərin məlumatı təhlil etməsi, sual verməsi, araşdırması və öyrəndiklərini yeni vəziyyətlərdə tətbiq etməsi də vacibdir. Məsələn, IB yanaşmasında araşdıraraq və kəşf edərək öyrənməyə xüsusi yer verilir. Məncə, bizim də qiymətləndirmə sistemimiz bu bacarıqların inkişafını daha çox təşviq etməlidir”.
Ekspert Azərbaycanın qəbul sistemində ixtisas qruplarının istiqamətlərə uyğun formalaşdırılmasının məntiqi əsasının olduğunu da diqqətə çatdırıb: “Tarixçi olmaq istəyən şagird tarix üzrə dərin biliklərə yiyələnməlidir. Eyni zamanda, onun tarixi hadisələrin səbəb və nəticələrini izah etməsi, mənbələri müqayisə etməsi və əsaslandırılmış fikir bildirməsi də qiymətləndirilməlidir. Yəni ixtisas üçün vacib fənlərin qorunması ilə həmin fənlər üzrə qiymətləndirmənin təkmilləşdirilməsi birlikdə düşünülməlidir”.
Əzizə Fətullayeva belə bir dəyişikliyin mərhələli şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Fənlərin sayının əsaslandırılmış şəkildə azaldılmasını dəstəkləyirəm. Ancaq fənlərin sayı azalıb suallar yenə əsasən əzbərləməyə söykənəcəksə, gözlədiyimiz nəticəni əldə etməyəcəyik. Məqsədimiz şagirdin yükünü yüngülləşdirməklə yanaşı, onun düşünmək, öyrənmək və seçdiyi sahədə inkişaf etmək potensialını daha düzgün qiymətləndirmək olmalıdır”.
Nigar Xəlilli
16:00 31.10.2026
Oxunuş sayı: 52