Almaniyada Z nəsli etirazları: Hamburqda barrikadalar yandırıldı
Almaniyanın bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları qarşıdurmalarla müşayiət olunub. Hamburqda etirazçılar polisə fişəng atıb və tikinti materiallarından qurulan barrikadaları yandırıblar.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatına istinadən yayılan məlumata görə, polis etirazçıları geri çəkilməyə məcbur etmək üçün bibər qazından istifadə edib.
Kölndə də vəziyyət gərginləşib. Təhlükəsizlik qüvvələri etirazçıları su şırnaqları ilə dağıdıb.
Oktyabrın 31-də günortadan sonra Berlin, Hamburq, Köln, Münhen, Frankfurt və Ştutqart şəhərlərində başlayan aksiyalara minlərlə insan qatılıb. Berlin və Kölndə keçirilən nümayişlərin hər birində təxminən 15 min nəfər iştirak edib.
Etirazların əsas təşkilatçıları “Gen Z regelt” və “Gen Z steht auf” adlı Z nəsli qruplarıdır. Aksiya iştirakçıları təhsil büdcəsinin azaldılmasına, yaşayış xərclərinin və kirayə qiymətlərinin artmasına, eləcə də məcburi hərbi xidmətin yenidən tətbiqi ehtimalına etiraz edirlər.
Bundan əvvəl Berlində tələbələr universitetlərdən birinin girişini bağlayıblar.
22:17 31.10.2026
Oxunuş sayı: 57