Rusiya Ukrayna dronlarından qorunmaq üçün tankerlərinə tor və avtomobil şinləri quraşdırır
Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından qorunmaq məqsədilə neft tankerlərini metal torlar, qəfəs formalı konstruksiyalar və avtomobil şinləri ilə təchiz etməyə başlayıb. Bu addımlar Rusiyanın Qara dənizdə gəmiçilik təhlükəsizliyini təmin etməkdə çətinlik çəkdiyini göstərir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.
İstanbulda fəaliyyət göstərən dənizçilik analitiki və müşahidəçi Yoruk İşikin məlumatına görə, avqust ayından bəri Bosfor boğazından bu cür müdafiə vasitələri ilə təchiz edilmiş azı 60 gəmi keçib. Həmin gəmilərin demək olar ki, hamısı Rusiya neftinin daşınmasına görə ABŞ və digər Qərb ölkələrinin sanksiyaları altındadır.
Hərbi ekspertlərin qiymətləndirməsinə əsasən, tankerlərin ətrafına çəkilən torlar gəmilərin ən həssas hissələrini, o cümlədən mühərrik sistemlərini qorumaq üçün tələsik quraşdırılıb. Digər müdafiə üsulu isə gəminin yan tərəflərindən avtomobil şinlərinin asılmasıdır. Bu üsul dronların gəmiyə birbaşa çırpılmasının və ona ciddi zərər vurmasının qarşısını almağa hesablanıb.
Yoruk İşik bildirib ki, bu vəziyyət Rusiyanın Qara dənizdə nəzarəti itirdiyini göstərən daha bir əlamətdir. Onun sözlərinə görə, Rusiyanın xarici valyuta gəlirləri də ciddi təhlükə ilə üzləşib.
WSJ-nin yazdığına görə, Rusiya tankerləri pilotsuz aparatların hücumlarından qorunmaq baxımından ölkənin hərbi obyektləri ilə müqayisədə daha zəif müdafiə olunub. Tankerlərə qarşı hücumlar Ukraynanın Rusiyaya iqtisadi təzyiqi artırmağa yönəlmiş daha geniş strategiyasının tərkib hissəsi hesab olunur.
Rusiyanın neft gəlirləri təhlükə altındadır
Rusiyanın “kölgə donanması” ölkənin maliyyə sisteminin həssas istiqamətlərindən biridir. Bu donanmaya daxil olan köhnə tankerlər beynəlxalq sığorta və gəmiçilik qaydalarından kənar fəaliyyət göstərir. Nəticədə, həmin gəmilərin sığortalanması çox vaxt Rusiyanın dövlət dəstəyindən yararlanan bankları vasitəsilə həyata keçirilir.
Analitik Erik Vudsun fikrincə, bu gəmilərə qarşı hücumlar Rusiya bank sisteminə və onun sığorta xərclərini maliyyələşdirmək imkanlarına təzyiq göstərmək məqsədi daşıyır.
Ukrayna daha əvvəl Rusiyanın neft tankerlərinə dənizin səthində hərəkət edən pilotsuz aparatlarla hücumlar təşkil etdiyini açıqlayıb. Hərbi analitiklər hesab edirlər ki, tankerlərdə yeni müdafiə vasitələrinin quraşdırılması təhlükənin xarakterinin dəyişdiyini göstərir. Belə ki, gəmilər artıq təkcə dəniz dronlarından deyil, orta və uzaq məsafələrdə fəaliyyət göstərə bilən FPV dronlarından da qorunmağa çalışır.
Hərbi robototexnika üzrə ekspert Samuel Bendett bu üsulların gələcəkdə geniş yayılacağını bildirib. Onun sözlərinə görə, qoruyucu torlar və metal qəfəslər gəmiləri pilotsuz uçuş aparatlarından müdafiə etməyin ən ucuz və sadə yollarından biridir.
Qara dənizdə gəmiçilik təhlükəsizliyi gündəmdədir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev Qara dənizdə mülki gəmiçiliyin, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının təhlükəsizliyini təmin etmək üçün Türkiyə, Misir və Hindistanla danışıqlar aparır.
Onun sözlərinə görə, Türkiyə, Misir və Hindistan öz bayraqları altında üzən gəmilərin təhlükəsizliyinin təmin olunmasını təklif ediblər. Bu gəmilərin həm Ukrayna, həm də Rusiya limanlarına daxil olaraq ərzaq məhsulları daşıması nəzərdə tutulur.
Bundan əvvəl Türkiyə Qara dənizdə kommersiya gəmilərinə hücumların dayandırılması üçün Rusiya və Ukraynaya çağırış edib. Ankara Türkiyə bayrağı altında üzən və ya Türkiyə şirkətlərinə məxsus gəmilərə zərbə endiriləcəyi təqdirdə qanuni tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.
12:15 01.11.2026
Oxunuş sayı: 54