İki yaşın mübarək, Crossmedia.az!
Bəzi yollar var ki, başlanğıcında səni nələrin gözlədiyini tam bilmirsən. Sadəcə addım atırsan. Zaman keçdikcə o yolun bir parçasına çevrilir, məsuliyyətini daşıyır, uğurlarına sevinir, çətinliklərinə üzülür, bəzən yorulsan da, davam edirsən. Bir də görürsən ki, artıq söhbət sadəcə işdən getmir. Bu yol sənin həyatının bir hissəsinə çevrilib.
Bu gün Crossmedia.az-ın iki yaşı tamam olur. Mən də ilk günlərdən bu yolun içindəyəm. Redaktor kimi fəaliyyət göstərdiyim bu iki il ərzində çox şey yaşadıq. Bəzən sevindik, bəzən yorulduq, bəzən eyni məsələyə fərqli baxdıq, bəzən də bir-birimizi inandırmağa çalışdıq. Amma bütün bunların içərisində bir şey dəyişmədi: işi davam etdirmək, qarşıya qoyduğumuz məqsədlərə çatmaq və başladığımız yolu yarımçıq qoymamaq istəyi.
Media işi kənardan göründüyü qədər sadə deyil. Xəbərin hazırlanması, mətnin redaktəsi, mövzunun seçilməsi, gündəmin izlənməsi, son tarixlərə çatmaq... Bunların hər birinin arxasında görünməyən bir zəhmət dayanır. Bəzən günün necə başa çatdığını hiss etmirsən. Bir materialdan digərinə keçirsən, bir məsələni həll edərkən başqa bir problem ortaya çıxır. Yorulursan, amma iş səni gözləyir.
Kollektiv də dəyişir. Gələnlər olur, gedənlər olur. Hər gələn yeni bir nəfəs, hər gedən isə bir xatirə, bəzən də boşluğu doldurulmalı olan bir yer deməkdir. İnsan zamanla anlayır ki, kollektiv dediyimiz şey sadəcə eyni məkanda çalışan insanların toplusu deyil. O, münasibətlərdən, ortaq zəhmətdən, bəzən fikir ayrılıqlarından, bəzən də bir-birinə dayaq olmaqdan yaranır.
Crossmedia.az-da bu iki ildə mən də bütün bunları yaşadım.
Baş redaktor Mübariz Göyüşlü ilə iş münasibətlərimiz də bu yolun özünəməxsus tərəflərindəndir. Bəzən, necə deyərlər, «paslaşırıq». Eyni məsələyə fərqli yanaşırıq, fikirlərimiz üst-üstə düşmür, müzakirələr uzanır. Amma məncə, birgə işin təbiətində bunlar da var. Əsas məsələ hər zaman eyni fikirdə olmaq deyil, fikir ayrılıqlarını ortaq məxrəcə gətirmək, problemi yoluna qoymaq və işin davam etməsini təmin etməkdir.
Nəticədə, hər ikimizi birləşdirən ortaq məqam var: Crossmedia.az-ın inkişafı və qarşıya qoyduğumuz işlərin həyata keçirilməsi.
Bəzən işin içində o qədər olursan ki, dayanıb geriyə baxmağa vaxt tapmırsan. Ancaq yubileylər insana bunu xatırladır. İki il əvvəl başlayan yol artıq öz tarixini yaradıb. Bu tarix yalnız dərc olunan xəbərlərdən, analitik yazılardan, müsahibələrdən və reportajlardan ibarət deyil. Həm də birgə yaşanan günlərdən, çətinliklərdən, müzakirələrdən və insan münasibətlərindən yaranıb.
Mənim üçün Crossmedia.az-ın başqa bir özəlliyi də var: burada çalışan əməkdaşların böyük hissəsi tələbələrimizdir.
Müəllim üçün tələbəsinin auditoriyadan kənarda da inkişaf etdiyini görmək, onun nəzəri biliklərini praktikaya çevirməsinə, ilk peşəkar addımlarını atmasına şahidlik etmək xüsusi hissdir. Auditoriyada danışdığımız mövzuların redaksiyada real işə çevrildiyini görmək, gənclərin məsuliyyət götürməsini, yazmağı, araşdırmağı, redaktə etməyi öyrənməsini izləmək adamı sevindirir.
Əlbəttə, hər şey həmişə asan olmur. Gənclər öyrənirlər, səhvlər edirlər, bəzən tələskənliyə yol verirlər. Biz də onlardan tələb edirik, irad bildiririk, düzəlişlər edirik. Çünki jurnalistika məsuliyyət tələb edən peşədir. Burada təkcə yazmaq kifayət etmir; araşdırmaq, yoxlamaq, düşünmək və yazdığın hər sözün məsuliyyətini daşımaq lazımdır.

Amma bütün bunların içində bir həqiqət var: bu gün tələbə kimi redaksiyaya gələn gənclər sabah müstəqil jurnalistlər, redaktorlar, media mütəxəssisləri ola bilərlər. Bəlkə də illər sonra onlar da öz peşəkar yollarının başlanğıcını xatırlayanda Crossmedia.az-ı yada salacaqlar.
Elə bu düşüncə belə, çəkilən zəhməti mənalı edir.
İki il böyük zaman deyil. Amma bir media qurumunun özünü təsdiqləməsi, kollektiv formalaşdırması, iş prinsiplərini müəyyənləşdirməsi və gələcək üçün təməl yaratması baxımından əhəmiyyətli mərhələdir. Qarşıda görüləsi çox iş, öyrəniləsi çox şey və qət ediləsi uzun bir yol var.
Mən də bu yolun ilk günlərindən içindəyəm. Yorulduğum vaxtlar olubmu? Əlbəttə. Fikir ayrılıqları yaşanıbmi? Yaşanıb. Hər şeyin daha asan ola biləcəyini düşündüyüm anlar olubmu? Olub. Amma bütün bunlar birgə işin, məsuliyyətin və inkişafın bir hissəsidir.
Bu gün geriyə baxanda ən çox gördüyüm şey iki il ərzində yaşanan təcrübə, tanıdığım insanlar və yetişməsinə töhfə verməyə çalışdığım gənclərdir.
Crossmedia.az-ın iki yaşı münasibətilə başda Mübariz Göyüşlü olmaqla, bütün kollektivimizi təbrik edirəm! Əməyi keçən, bu yolun hər hansı mərhələsində bizimlə olan, xəbərləri hazırlayan, yazıları redaktə edən, çəkilişlərə gedən, araşdıran və bəzən hamıdan əvvəl işə başlayıb hamıdan sonra işi bitirən hər kəsə təşəkkür edirəm.
Arzum budur ki, Crossmedia.az daha da inkişaf etsin, peşəkar media platforması kimi mövqeyini möhkəmləndirsin, yeni uğurlara imza atsın. Kollektivimiz böyüsün, tələbələrimiz daha böyük nailiyyətlər qazansın, bu gün çəkdiyimiz zəhmət sabah gözəl nəticələrə çevrilsin.
İki yaşın mübarək, Crossmedia.az!
Yaxşı ki, bu yolun ilk günlərindən mən də buradayam.
Bəzən yorulsaq da, bəzən «paslaşsaq» da, bəzən fərqli düşünsək də, əsas odur ki, yolumuza davam edirik. Çünki bəzi işlər sadəcə iş deyil, insanın özündən də bir parça qoyduğu hekayədir.
Crossmedia.az mənim üçün həm də belə bir hekayədir.
İki ilimiz mübarək!
Kənan Novruzov
13:33 01.11.2026
Oxunuş sayı: 67