Türkiyədə yeni konstitusiya hazırlanacaq
Türkiyədə yeni Konstitusiyanın hazırlanması məsələsi yenidən siyasi gündəmə gətirilib. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Hüseyn Yayman ölkənin mövcud konstitusiya sisteminin yenilənməsinin vacibliyini vurğulayaraq, yeni əsas qanunun partiyanın qarşıdakı dövr üçün əsas hədəflərindən biri olduğunu bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yayman partiyasının hakimiyyətə gəlməsinin 24-cü ildönümü ilə əlaqədar açıqlamasında Türkiyənin dəyişən ictimai-siyasi reallıqlarına uyğun olaraq dövlət idarəçiliyinin və siyasi sistemin də yenilənməsinə ehtiyac olduğunu qeyd edib.
O bildirib ki, Türkiyənin siyasi partiyalar və seçki qanunvericiliyi də daxil olmaqla, siyasi-hüquqi sistemində yeniliklərə ehtiyac var. Onun sözlərinə görə, ölkədə mövcud islahat gündəliyi daim aktual saxlanılmalıdır, çünki cəmiyyətin ehtiyacları və inkişaf dinamikası dəyişir.
AK Parti sədrinin müavini 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilmiş Konstitusiyanın da yenilənməsinin zəruriliyinə diqqət çəkib. O, hərbi çevrilişi tənqid edən siyasi qüvvələrin həmin dövrün məhsulu olan Konstitusiyanın dəyişdirilməsi məsələsində konkret mövqe ortaya qoymamasını ziddiyyətli yanaşma kimi qiymətləndirib.
Hüseyn Yayman yeni Konstitusiyanın dünyəvi, demokratik və plüralist prinsiplərə əsaslanmalı olduğunu bildirib:
“Türkiyəni XXI əsrə daşıyacaq və qlobal gücə çevirəcək yeni Konstitusiya bizim üçün mütləq zərurətdir. Həyata keçirilən islahatların və əldə olunan tərəqqinin institusionallaşması, Türkiyənin hədəflərinə inamla irəliləməsi üçün siyasi sistemimizi və Konstitusiyamızı yeniləməliyik”.
O əlavə edib ki, AK Partinin qarşıdakı dövr üçün əsas vədlərindən biri məhz yeni Konstitusiyanın hazırlanmasıdır. 
13:40 01.11.2026
Oxunuş sayı: 60