Fazil Mustafa Crossmedia.az-ı təbrik etdi
Bu gün Crossmedia.az Analitik İnformasiya Portalının 2 yaşı tamam olur. Bu münasibətlə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Portalın Baş redaktoru Mübariz Göyüşlüyə təbrik məktubu ünvanlayıb.
Crossmedia.az məktubu təqdim edir:
Hörmətli Baş redaktor,
Sizi Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasının ikinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, kollektivinizə yeni yaradıcılıq uğurları arzulayıram!
Çağdaş informasiya mühitində medianın missiyası yalnız xəbərlərin operativ çatdırılması ilə məhdudlaşmır; hadisələrin mahiyyətinin təhlili, ictimai proseslərin obyektiv işıqlandırılması, fərqli baxışların ifadəsi və cəmiyyətin güvənli informasiya ilə təmin olunması da vacib peşəkar məsuliyyətdir.
Bu baxımdan, analitik jurnalistika vətəndaş cəmiyyətinin inkişafında, ictimai nəzarət mexanizmlərinin güclənməsində, dövlət qurumları ilə vətəndaşlar arasında açıq və konstruktiv dialoqun təşviqində xüsusi önəm daşıyır.
Crossmedia.az-ın qarşıdakı fəaliyyətində də ictimai birliklərin təşəbbüslərinə, sosial məsuliyyət, milli-mənəvi dəyərlər, ictimai həmrəylik və vətəndaş fəallığı məsələlərinə diqqətin davam edəcəyinə inanıram. İnanıram ki, portalınız peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq ölkəmizin ictimai fikir mühitinin zənginləşməsinə öz töhfəsini verəcəkdir.
İkiillik fəaliyyətiniz münasibətilə sizi bir daha təbrik edir, yeni layihələr, geniş oxucu auditoriyası və davamlı uğurlar diləyirəm!
14:56 01.11.2026
Oxunuş sayı: 96