Rusiyanın üç neft emalı zavodu hücuma məruz qalıb
Ukrayna Müdafiə Qüvvələrinin son üç gündə Rusiyanın üç neft emalı zavoduna hücumları nəticəsində ölkənin ümumi neft emalı gücünün təxminən 10 faizinin sıradan çıxdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “UNIAN” nəşri “Dnipro Osint” analitik kanalının məlumatına istinadən bu barədə yazıb.
Məlumata görə, hücuma məruz qalan müəssisələr Kstovo, Novokuibışevsk neft emalı zavodları və “Başneft-Novoil” müəssisəsidir.
Analitiklərin hesablamalarına əsasən, bu üç zavodun ümumi illik neft emalı gücü təxminən 33 milyon ton təşkil edir. Bu isə Rusiyanın ümumi neft emalı potensialının 10 faizinə bərabərdir.
“Dnipro Osint” kanalının paylaşımında bildirilir ki, hücumlar nəticəsində bir neçə texnoloji qurğu, o cümlədən neftin ilkin və ikinci emalı sistemləri sıradan çıxıb.
Məlumatda həmçinin qeyd olunur ki, Ukrayna ABŞ Prezident Administrasiyasının xahişindən sonra iki həftə ərzində Rusiya neft emalı zavodlarına zərbələr endirməkdən çəkinib. Lakin kanalın iddiasına görə, həmin müddətdə Rusiyanın Ukraynaya hücumları davam edib.
Qeyd edək ki, zavodların fəaliyyətinə dəymiş zərərin miqyası və sıradan çıxan emal gücünün həcmi barədə müstəqil təsdiqlənmiş məlumat təqdim edilməyib.
17:00 01.11.2026
Oxunuş sayı: 68