Yeni səma cismi kəşf edilib
Çilidəki Vera Rubin Rəsədxanasının alimləri Plutonun orbitindən kənarda yerləşən və cırtdan planet statusu ala biləcək yeni səma cismi aşkarlayıblar.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
2026 ED138 ilkin adı verilən obyekt oktyabrın 13-də astrofizik Metyu Holman tərəfindən müşahidə olunub. Alim onu oktyabrın 27-də rəsədxananın açıqladığı məlumat əsasında ictimaiyyətə təqdim edib.
Səma cismi Günəşdən təxminən 46 astronomik vahid məsafədə yerləşir. Bu, Plutonun orbitindən də uzaqdır. İlkin qiymətləndirmələrə görə, obyektin diametri 600–1500 kilometr arasında ola bilər.
Holman obyektin yüksək parlaqlığına diqqət yetirdikdən sonra alimlər arxiv görüntülərini araşdırıblar. Onlar 2026 ED138-in əvvəlki illərdə çəkilmiş fotolarda da göründüyünü müəyyənləşdirərək onun orbitini 10 ildən artıq müddət ərzində izləyə biliblər.
2026 ED138 transneptun obyektləri qrupuna daxildir. Bu cisimlər Neptunun orbitindən kənarda, Günəş sisteminin uzaq bölgələrində yerləşir. Həmin ərazidə çoxsaylı buzlu səma cisimlərinin toplandığı Kuiper qurşağı mövcuddur.
1930-cu ildə Plutonun kəşfindən sonra alimlər Neptunun orbitindən kənarda başqa iri obyektlərin də ola biləcəyini ehtimal ediblər. 1992-ci ildə Kuiper qurşağında ilk obyektlərdən biri aşkar edilib, sonrakı illərdə isə bu bölgədə minlərlə səma cismi qeydə alınıb.
2005-ci ildə Eridanın kəşfi planet anlayışının yenidən nəzərdən keçirilməsinə səbəb olub. 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı planet hesab edilmək üçün üç əsas meyar müəyyənləşdirib: səma cismi Günəşin ətrafında fırlanmalı, öz cazibəsi hesabına kürə formasını almalı və orbitinin ətrafını digər obyektlərdən təmizləməlidir.
Pluton sonuncu meyara cavab vermədiyi üçün planet statusundan çıxarılaraq cırtdan planetlər kateqoriyasına daxil edilib. Erida, Haumea, Makemake və Serera da bu qrupa aid edilir.
Alimlər 2026 ED138-in kəşfini Günəş sisteminin uzaq bölgələrinin öyrənilməsi baxımından mühüm hadisə hesab edirlər. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont bunu müşahidə astronomiyasında və hesablama texnologiyalarında əldə olunan irəliləyişin nəticəsi kimi qiymətləndirib.
Tomsk Dövlət Universitetinin dosenti Dmitri Kaparulin isə belə obyektlərin mövcudluğunun gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, böyük məsafələr səbəbindən alimlər əsasən iri və parlaq səma cisimlərini müşahidə edə bilirlər.
2026 ED138-in dəqiq ölçüləri hələ müəyyənləşdirilməyib. Çünki astronomlar ilkin mərhələdə obyektin diametrini deyil, parlaqlığını ölçürlər. Səthinin işığı nə dərəcədə əks etdirməsi — albedosu — məlum olmadan ölçüləri dəqiq hesablamaq mümkün deyil.
Alimlərin fikrincə, obyektin cırtdan planet statusu alıb-almayacağı əlavə müşahidələrdən sonra bəlli olacaq. Onun ölçülərini dəqiqləşdirmək üçün səma cisminin müxtəlif ulduzların qarşısından keçməsi zamanı aparılan müşahidələrdən istifadə edilə bilər.
16:25 01.11.2026
Oxunuş sayı: 47