Rusiya alternativ marşrutlar axtarır: Buğda ixracı 38 faiz azalıb
Rusiyanın buğda ixracı Ukraynanın Qara dənizdəki limanlara və gəmilərə hücumları fonunda kəskin azalıb. Ölkədə məhsul yığımının yaxşı olmasına baxmayaraq, iyul-sentyabr aylarında buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz aşağı düşüb. Daşınma xərclərinin artması Rusiya taxılının xarici bazarlara çatdırılmasını çətinləşdirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın hücumları Qara dəniz vasitəsilə daşımaları çətinləşdirib. Bəzi istiqamətlərdə yükdaşıma xərcləri iki dəfədən çox artıb.
Bu səbəbdən Rusiya alternativ ixrac marşrutları axtarır. Ölkə taxılı Qara dəniz limanlarından uzaqda yerləşən Murmansk üzərindən göndərməyə çalışır. Şimali Afrikaya sınaq partiyasının çatdırılması üçün burada gübrə terminalı da yenidən təchiz edilib.
Lakin Baltik və Xəzər dənizləri üzərindən keçən alternativ marşrutlar Qara dəniz limanlarını tam əvəz edə bilmir. Əlavə xərclər Rusiya fermerləri üçün alış qiymətlərinin aşağı düşməsinə, dəmir yollarında isə taxıl vaqonlarının yığılmasına səbəb olur.
Nəşrin məlumatına görə, Rusiyanın Ukraynanın logistika infrastrukturuna zərbələri də Ukrayna fermerlərinə ziyan vurur. Alternativ daşınma marşrutları Ukrayna taxılının hər tonunun nəqliyyat xərcini ən azı 50 dollar artırır.
21:00 01.11.2026
Oxunuş sayı: 51