İtaliya rusiyalı milyarderin saxlanılan yaxtasına 30 min dollar xərcləyir
İtaliya rusiyalı milyarder Andrey Melnıçenkoya məxsus həbs edilmiş “Sailing Yacht A” yaxtasının saxlanmasına gündə təxminən 30 min dollar xərcləyir. Gəminin dörd ildən çoxdur Triest limanında dayanması ölkə vergi ödəyicilərinə hər il 11 milyon dollardan artıq vəsaitə başa gəlir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, xərclərə yaxtanın heyətinin əməkhaqqı, sığorta, yanacaq və texniki vəziyyətin qorunması daxildir.
Nəşrin məlumatına görə, bu, İtaliyada saxlanılan yeganə rusiyalı milyarderin yaxtası deyil. Vladimir Putinlə əlaqələndirilən “Scheherazade” yaxtasının heyətinə 15 milyon dollardan çox əməkhaqqı ödənilib. Aleksey Mordaşova məxsus “Lady M” yaxtasının saxlanması isə təxminən 2 milyon dollara başa gəlib.
Yaranmış vəziyyətin əsas səbəbi yaxtaların müsadirə edilməməsi, yalnız dondurulmasıdır. Avropa qaydalarına əsasən, İtaliya bu gəmilərin dəyərini qorumaq üçün onların saxlanma xərclərini ödəməlidir. Sanksiyalar səbəbindən isə sahiblər bu ödənişləri həyata keçirə bilmirlər.
21:40 01.11.2026
Oxunuş sayı: 56