Tramp Konqresdən yan keçməklə idarəçilik planı hazırlayır
ABŞ Prezidenti Donald Tramp seçkilərdə Demokratlar Konqresdə çoxluğu əldə edəcəyi təqdirdə, siyasətini qanunverici orqanın təsdiqi olmadan davam etdirməyin yollarını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Agentliyin Ağ Evdəki mənbələrinin bildirdiyinə görə, Tramp administrasiyası hələ apreldən etibarən Konqresin razılığı olmadan idarəçiliyi davam etdirmək üçün plan hazırlayır. Bu məqsədlə prezident fərmanlarından istifadə və dövlət başçısının səlahiyyətlərinin daha geniş şərh edilməsi nəzərdə tutulur.
Hazırlanan tədbirlər sırasında yeni gömrük rüsumlarının tətbiqi, viza qaydalarının sərtləşdirilməsi, mənzil siyasətində dəyişikliklər və büdcə vəsaitlərinin bölüşdürülməsində Ağ Evin nəzarətinin artırılması yer alır.
Bundan başqa, administrasiyanın hüquqşünasları Demokratların mümkün araşdırmalarına hazırlaşmaq üçün rəsmilərə məsləhətlər verirlər. Onlara Konqresin sorğularına və çağırışlarına necə cavab vermək, eləcə də yazılı sənədləşmədə daha ehtiyatlı davranmaq tövsiyə olunur.
“Reuters”in Trampın Konqresdə Demokratların çoxluğu şəraitində ölkəni idarə etməsinin nə dərəcədə rahat olacağı ilə bağlı sualına mənbələrdən biri “Çox rahat” cavabını verib.
20:59 01.11.2026
Oxunuş sayı: 51