Sosial şəbəkələrdə yaş təsdiqlənməsi adı ilə dələduzluq təhlükəsi – İstifadəçilərə xəbərdarlıq
Sosial şəbəkələrdə yaş təsdiqlənməsi ilə bağlı yeni tənzimləmənin qüvvəyə minməsindən istifadə edən dələduzlar vətəndaşları hədəf ala bilər.
Crossmedia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə İstehlakçı Hüquqları Dərnəyinin sədri Ergün Kılıç istifadəçiləri saxta mesajlara, elektron məktublara və sosial şəbəkələrdə yayılan şübhəli keçidlərə qarşı diqqətli olmağa çağırıb.
O bildirib ki, yaş təsdiqlənməsi prosesi yalnız Türkiyənin rəsmi elektron hökumət portalı olan “turkiye.gov.tr” üzərindən, “Yaş Doğrulama Belirteci” vasitəsilə həyata keçiriləcək.
Kılıçın sözlərinə görə, dələduzlar istifadəçilərə hesablarının bağlanacağı və ya yaş təsdiqlənməsinin dərhal həyata keçirilməli olduğu barədə saxta bildirişlər göndərə bilərlər. Bu yolla onların şəxsi məlumatlarını və hesablarına giriş imkanlarını ələ keçirməyə çalışırlar.
Qeyd olunub ki, sistem vasitəsilə sosial şəbəkə platformalarına istifadəçilərin şəxsiyyət məlumatları deyil, yalnız yaş məhdudiyyətinə uyğun olub-olmadıqları barədə məlumat ötürüləcək.
Mövcud hesablar üçün 31 mart 2027-ci ilədək vaxt verilib
Ergün Kılıç bildirib ki, tənzimləmənin ilkin mərhələsi yeni açılacaq sosial şəbəkə hesablarına şamil olunacaq. Mövcud hesabların yaş təsdiqlənməsi üçün isə 31 mart 2027-ci ilədək müddət nəzərdə tutulub.
O, istifadəçilərə SMS, elektron poçt və sosial şəbəkələr vasitəsilə göndərilən keçidlərə daxil olmamağı, internet ünvanını diqqətlə yoxlamağı tövsiyə edib.
Dərnək sədri yaş təsdiqlənməsi adı ilə ödəniş, bank kartı məlumatları və ya şifrə tələb edən şəxslərə etibar edilməməsinin vacibliyini vurğulayıb.
Kılıç əlavə edib ki, dələduzluq cəhdi ilə qarşılaşan şəxslər şübhəli mesajları və göndərən hesabları sənədləşdirməli, müvafiq sosial şəbəkə platformalarına və səlahiyyətli qurumlara məlumat verməlidirlər. Maddi zərər yarandığı halda isə dərhal bank və hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
22:47 01.11.2026
Oxunuş sayı: 53