Süni intellekt şirkətləri çətin vəziyyətə saldı: işçilər geri çağırılır
Şirkətlər süni intellektin insan əməyini əvəz edəcəyini düşünərək ixtisarlara getsələr də, bəzi hallarda gözlənilən nəticəni əldə edə bilmirlər. Nəticədə işdən çıxarılan əməkdaşların yenidən işə dəvət olunması halları artır.
Crossmedia.az xəbər verir ki, “Associated Press” (AP) bu barədə məlumat yayıb.
Agentlik bu tendensiyanı “süni intellekt bumeranqı” adlandırıb. İşə qəbul üzrə “Robert Half” şirkətinin maliyyə, marketinq, hüquq və səhiyyə sahələrində fəaliyyət göstərən işəgötürənlərlə apardığı araşdırmaya görə, bəzi müəssisələr ixtisarlardan sonra əvvəlki vəzifələrə və ya oxşar işlərə yenidən əməkdaş qəbul etməyə məcbur olublar.
Bunun əsas səbəbləri süni intellekt alətlərinin daha ciddi nəzarət tələb etməsi və şirkət daxilində illər ərzində formalaşmış təcrübəni, iş prinsiplərini və institusional bilikləri tam əvəz edə bilməməsidir.
İşə qəbul üzrə mütəxəssislər bildirirlər ki, tənqidi düşüncə, komanda işi, yaradıcılıq və konkret təşkilatın fəaliyyət xüsusiyyətlərini bilmək kimi bacarıqları süni intellekt hələ tam şəkildə əvəz edə bilmir. Bu səbəbdən bir sıra şirkətlər insan əməyinin əhəmiyyətini yenidən dərk etməyə başlayıblar.
AP bu tendensiyaya nümunə kimi “Ford” şirkətinin qərarını göstərib. Belə ki, keyfiyyətə nəzarət üçün tətbiq edilən süni intellekt alətləri gözlənilən nəticəni vermədikdən sonra şirkət 350 təcrübəli mühəndisi işə götürmək və ya vəzifələrini yüksəltmək qərarına gəlib.
Qeyd edək ki, daha əvvəl süni intellekt texnologiyaları hazırlayan aparıcı şirkətlərin əməkdaşları arasında peşəkar tükənmə hallarının artdığı barədə məlumatlar yayılmışdı. “Anthropic”, “OpenAI” və “Google DeepMind” şirkətlərində çalışan bəzi mütəxəssislərin hazırladıqları texnologiyaların gələcəkdə insanlığa mümkün təsirləri ilə bağlı narahatlıqlarını dilə gətirdikləri bildirilirdi.
05:00 02.11.2026
Oxunuş sayı: 72