Paşinyan konstitusiyanı dəyişir, amma...
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülh sazişinin imzalanmasına və hərtərəfli sülhün təmin olunmasına kifayət edib-etməyəcəyinə aydınlıq gətirilməsinin vacibliyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Armenpress” dövlət informasiya agentliyi bu barədə məlumat yayıb.
Paşinyan bu fikirləri noyabrın 2-də parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib.
O xatırladıb ki, ötən həftə parlament müxalifəti yeni Konstitusiyanın qəbulu ilə bağlı mühüm sual qaldırıb.
Baş nazirin sözlərinə görə, əsas məsələ yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanıb-imzalanmayacağı və Bakı ilə münasibətlərdə yeni mübahisəli məsələlərin ortaya çıxıb-çıxmayacağıdır.
“Yaxın dövrdə səylərimiz məhz bu suallara cavab tapmağa yönələcək”, – deyə Paşinyan bildirib.
O qeyd edib ki, hakimiyyət bu suallara aydın və inandırıcı cavablar əldə edərsə, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti yeni Konstitusiyanın qəbulunu dəstəkləyə bilər.
Paşinyan həmçinin yeni Konstitusiya layihəsinin noyabr ayında ictimaiyyətə təqdim ediləcəyini və geniş müzakirələrin başlanacağını açıqlayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Azərbaycan tərəfi sazişin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasını vacib hesab edir. Ermənistan hakimiyyəti isə mövcud Konstitusiyada belə iddiaların olduğunu qəbul etmir.
11:47 02.11.2026
Oxunuş sayı: 57