ABŞ İrana nüvə zərbəsi endirməyə hazırlaşır?
ABŞ-li jurnalist Taker Karlson Vaşinqtonun yaxın günlərdə İrana qarşı nüvə silahından istifadə edə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Karlson bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Jurnalistin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı İrana nüvə zərbəsi endirməyə razı salmağa çalışır.
Karlson iddia edib ki, Netanyahu bu məsələni Tramp ilə demək olar, hər gün müzakirə edir.
Onun sözlərinə görə, ehtimal olunan hücumun hədəfi İranın mərkəzi hissəsində yerləşən və nüvə proqramı ilə əlaqələndirilən Pikaks dağı (Pickaxe Mountain) ola bilər.
Jurnalist bildirib ki, həmin ərazidə yeraltı nüvə obyektlərinin yerləşdiyi ehtimal olunur.
Bununla belə, ABŞ-nin nüvə zərbəsinə hazırlaşdığına və Tramp ilə Netanyahu arasında belə bir qərarın müzakirə edildiyinə dair təsdiqlənmiş məlumat yoxdur.
Qeyd edək ki, Donald Tramp noyabrın 1-də Ayova ştatında keçirilən seçkiqabağı mitinqdə İrana qarşı yenidən sərt hərbi addımlar atıla biləcəyini bildirib.
“İranla məsələni hələ yekunlaşdırmamağımın yeganə səbəbi güzəştli davranmaq istəməyimdir. Bacardığım qədər insan həyatını xilas etməyə çalışıram. Amma müəyyən məqamda onlara sarsıdıcı zərbə endirməli olacağıq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti oktyabrın 15-də verdiyi müsahibədə isə İrana qarşı nüvə silahından istifadə etməyə ehtiyac olmadığını bildirmişdi.
11:01 02.11.2026
Oxunuş sayı: 51