Deputat: Heydər Əliyevin Azərbaycançılıq ideologiyası sayəsində xalqımızın milli gücü müəyyənləşdi
Müasir dövrdə hər bir dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də cəmiyyətdə mövcud olan milli birlik, həmrəylik və ortaq dəyərlərlə ölçülür. Azərbaycan tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların dinc yanaşı yaşadığı məkan kimi tanınıb. Bu zənginlik xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayıb. Ölkəmizdə mövcud olan tolerantlıq mühiti və multikultural ənənələr cəmiyyətin mənəvi dayaqlarından birinə çevrilib. Müxtəlifliklər arasında qarşılıqlı hörmət və anlaşmanın qorunması Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindəndir. Bu baxımdan, milli birlik və həmrəylik anlayışları yalnız ictimai münasibətlərin deyil, həm də dövlətin strateji inkişafının mühüm şərti kimi çıxış edir. Xüsusilə müasir geosiyasi çağırışlar fonunda cəmiyyətin vahid ideya ətrafında birləşməsi daha böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqının tarixən formalaşmış birgəyaşayış ənənələri bu birliyin möhkəm təməlini təşkil edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda tarixən formalaşmış demoqrafik-sosioloji mühit həm konfessional, həm də milli-etnik kontekstdə olduqca zəngindir: “Bunlar bir-birini tamamlayan və ümumilikdə Azərbaycan xalqının sosial kimliyini müəyyən edən dini, mədəni və milli-etnik komponentlərdir. Əsrlər boyu davam edən bu həyat tərzimiz Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyası sayəsində müasir Azərbaycanın vahid milli ideologiyasına çevrildi və beləliklə, Azərbaycan xalqının milli gücünü müəyyənləşdirdi”.
Deputat qeyd edib ki, ötən illərin təcrübəsinin fərqliliklərdən güc alaraq birliyimizi qurmuşuq: “Məhz bu fərqliliklərin yaratdığı güc Azərbaycan xalqını bir araya gətirərək qalib və müzəffər edib. Ona görə də bu dəyərlər daim yaşadılmalıdır. Milli vəhdət və multikultural dəyərlər vahid güc mənbəyinə çevrildikdə, ən mürəkkəb müharibəni belə dörd gün ərzində qələbə ilə başa çatdırmaq mümkün olur. Azərbaycanın qüdrəti də məhz bundadır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ümummilli Lider Heydər Əliyevin ideyaları dünən də var idi, bu gün də var və gələcəkdə də olacaqdır”.
Ayhan
13:00 02.11.2026
Oxunuş sayı: 60