Zelenski Trampa şərt qoydu: Rusiya hücumları dayandırmalıdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılması üçün Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumlarını dayandırmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə noyabrın 1-də “Fox News” telekanalına müsahibəsində danışıb.
Ukrayna lideri ABŞ Prezidenti Donald Trampla Rusiyanın neft emalı müəssisələrinə endirilən zərbələr barədə bir neçə dəfə müzakirə apardığını təsdiqləyib.
“Bəli, Prezident Trampla neft emalı zavodlarına hücumlar barədə bir neçə dəfə danışmışıq. Bildirmişik ki, Rusiya enerji infrastrukturumuza hücum etdikdən, insanlarımızı öldürdükdən, elektrik və qaz obyektlərimizə zərbələr endirdikdən sonra cavabsız qala bilmərik”, – deyə Zelenski vurğulayıb.
O bildirib ki, Ukrayna Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa hazırdır, lakin bunun üçün qarşılıqlı addımlar atılmalıdır.
“Əgər Rusiyanın neft emalı zavodlarına zərbə endirməməyimizi istəyirsinizsə, o zaman Rusiya da bizim enerji sistemimizə hücum etməməlidir”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti alternativ variant kimi ABŞ-nin ölkəsinə “Patriot” hava hücumundan müdafiə raketləri təqdim etməsini təklif edib.
Onun sözlərinə görə, Vaşinqton bir ay ərzində Ukraynanı müvafiq raketlərlə təmin edərsə, Kiyev də həmin müddətdə Rusiyanın neft emalı zavodlarına hücumları dayandıra bilər.
13:55 02.11.2026
Oxunuş sayı: 50