Rusiya Türk Dövlətləri Təşkilatına qoşula bilər
Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətində iştirakını təbii hesab etsə də, Moskvaya bununla bağlı hələlik rəsmi dəvət göndərilmədiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu barədə Rusiya mediasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın türk dünyası ilə tarixi və mədəni əlaqələri nəzərə alındıqda, ölkənin TDT-nin fəaliyyətində iştirakı təbii olardı.
Bununla belə, Peskov Rusiyaya təşkilata qoşulmaqla bağlı rəsmi dəvətin daxil olmadığını qeyd edib.
Xatırladaq ki, oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın “TDT+” formatına cəlb edilməsini və ya təşkilatda müşahidəçi statusu almasını təklif edib.
Tokayev bildirib ki, Rusiyanın türk dövlətləri ilə çoxəsrlik əlaqələri və bu ölkədə çoxsaylı türk xalqlarının yaşaması belə əməkdaşlıq üçün əsas yaradır.
Qazaxıstan Prezidenti hesab edir ki, Rusiyanın təşkilatın fəaliyyətinə cəlb olunması iştirakçı dövlətlər arasında əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.
Hələlik Rusiyanın TDT-yə qoşulması və ya müşahidəçi statusu alması barədə rəsmi qərar qəbul edilməyib.
14:30 02.11.2026
Oxunuş sayı: 59