Polis görməsə də, kamera qeydə alacaq: Sürücüləri yeni nəzarət gözləyir
Sükan arxasında telefonla danışmaq, mesaj yazmaq və ya sosial şəbəkələrə
baxmaq bu gün yol hərəkətində ən çox rast gəlinən təhlükəli davranışlardan
biridir. Bir çox sürücü avtomobil idarə edərkən telefonla məşğul olmağın ciddi
qəza riski yaratdığını bilsə də, buna baxmayaraq, bu vərdişdən əl çəkmir.
Bəziləri yaxınlıqda polis əməkdaşının olub-olmadığını yoxlayır, nəzarət
görmədikdə isə qaydanı pozmaqdan çəkinmir. Lakin texnologiyanın inkişafı bu
yanaşmanı dəyişə bilər: artıq sürücünün qayda pozuntusunu aşkar etmək üçün yol
kənarında polis əməkdaşının dayanmasına ehtiyac qalmaya bilər.
Milli Məclis sürücülərin sükan arxasında mobil telefondan istifadəsini
xüsusi foto və video qurğular vasitəsilə qeydə almağa imkan verən qanun
layihəsini birinci oxunuşda qəbul edib. Dünyanın bəzi ölkələrində tətbiq olunan
bu texnologiyalar infraqırmızı işıqdan və süni intellekt sistemlərindən
istifadə etməklə avtomobilin salonunda baş verənləri müəyyənləşdirə bilir.
Sistem şüşənin arxasından sürücünün telefon tutub-tutmadığını aşkarlayır, əldə
edilən görüntülər isə əlavə yoxlamadan keçirilir. Bəzi sistemlərdə yekun qərarın
insan tərəfindən verilməsi də nəzərdə tutulur.
Bu yenilik Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə nəzarət
mexanizmlərinin dəyişməsi baxımından diqqət çəkir. Əgər bu cür kameralar tətbiq
edilərsə, sürücülərin telefonla danışmaq və mesaj yazmaq kimi qayda
pozuntularını gizlətməsi çətinləşə bilər. Digər tərəfdən, texnologiyanın hansı
dəqiqliklə işləyəcəyi, telefonla danışıqla digər hərəkətlərin necə
fərqləndiriləcəyi, yanlış qeydə alınan halların qarşısının necə alınacağı da
müzakirə olunmalı məsələlərdir.
Əsas məqsəd yalnız cərimələrin sayını artırmaq deyil, sürücülərdə məsuliyyət hissini gücləndirmək və diqqətin yoldan yayınmasının qarşısını almaqdır. Çünki sükan arxasında bir neçə saniyəlik diqqətsizlik belə sürücünün, sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov
bildirib ki, ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən,
sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi qadağandır:
“Bu qayda pozuntusu kamera və ya radar vasitəsilə aşkar edildikdə, yaxud
polis əməkdaşı tərəfindən müəyyən olunduqda sürücü barəsində müvafiq tədbirlər
görülür və cərimə tətbiq edilir. Qayda pozuntusu texniki vasitələrlə qeydə
alındıqda isə bu barədə məlumat sürücünün mobil telefonuna SMS vasitəsilə
göndərilir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, elm və texnologiya nə qədər
inkişaf etsə, texniki vasitələr hansı funksionallığa malik olsa da, yol
hərəkətinə nəzarətdə insan amili öz əhəmiyyətini qoruyur. İstər yol-patrul
xidməti əməkdaşı, istərsə də xüsusi kameralar vasitəsilə qeydə alınan qayda
pozuntularının qiymətləndirilməsində insan amili iştirak edir. Kameraların
arxasında görüntüləri izləyən və qiymətləndirən şəxslər olur. Yekun qərar isə
bu sahəyə cavabdeh olan səlahiyyətli şəxs tərəfindən verilir.
Digər mühüm məqam mobil telefondan istifadənin sürücünün diqqətini
yayındırmasıdır. Praktikada dəfələrlə müşahidə olunub ki, telefonla məşğul olan
sürücülər dönmə işıqlarından istifadə etməyi unudur, ara məsafəsini düzgün
saxlamır və sürət rejiminə əməl etmirlər. Bu cür diqqətsizliklər qəza riskini
artırır, nəticədə insanların xəsarət almasına, hətta həyatını itirməsinə səbəb
ola bilər.
Ona görə də sükan arxasında mobil telefondan istifadə həm təhlükəsizlik, həm
də vətəndaş məsuliyyəti baxımından yolverilməzdir. Telefon sürücünün fikrini
yoldan yayındırır və bu, təkcə onun özü üçün deyil, digər hərəkət iştirakçıları
üçün də ciddi təhlükə yaradır”.
14:45 02.11.2026
Oxunuş sayı: 228