Paşinyan: Yeni Konstitusiyaya qarşı çıxanlar Azərbaycanla sülhə qarşıdır
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, müəyyən şərtlər daxilində yeni Konstitusiyanın qəbuluna qarşı çıxmaq Azərbaycanla sülhə qarşı çıxmaq kimi qiymətləndirilə bilər.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Armenpress” dövlət informasiya agentliyi bu barədə məlumat yayıb.
Paşinyan noyabrın 2-də parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, yeni Konstitusiya layihəsi noyabr ayında ictimaiyyətə təqdim ediləcək.
Onun sözlərinə görə, sənəd dərc olunduqdan sonra ictimai müzakirələr başlanacaq, vətəndaşların təklifləri qəbul edilərək nəzərdən keçiriləcək.
Baş nazir vurğulayıb ki, hökumətin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasıdır.
Paşinyan qeyd edib ki, yeni Konstitusiyanın qəbulunun Azərbaycanla hərtərəfli sülhə təminat verəcəyi barədə müsbət və inandırıcı cavablar əldə olunarsa, müxalifətin bu prosesə qarşı çıxması sülhə qarşı mövqe kimi qiymətləndiriləcək.
“Əgər müsbət cavablar əldə etsək və parlament müxalifəti buna qarşı çıxsa, bu, müxalifətin Azərbaycanla sülhə qarşı çıxması demək olacaq”, – deyə Paşinyan bildirib.
O əlavə edib ki, belə vəziyyətdə müxalifətə qarşı ictimai təzyiq yarana bilər və hakim çoxluq həmin prosesə rəhbərlik etməlidir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Azərbaycan yekun imzalanma üçün Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasını vacib hesab edir. Ermənistan tərəfi isə Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olduğunu qəbul etmir.
13:05 02.11.2026
Oxunuş sayı: 50