Makron hakimiyyətdən gedir? - Fransa iğtişaşlarının pərdəarxası
Fransada son dövrlər davam edən etirazlar və iğtişaşlar ölkədə ictimai-siyasi vəziyyəti getdikcə daha da mürəkkəbləşdirir. Hökumətin təhsil və sosial siyasəti ilə bağlı qərarlarından narazı olan müxtəlif qruplar küçələrə çıxır, aksiyalar isə zaman keçdikcə daha geniş xarakter alır. Rəsmi Paris nə narazı tərəflərlə ortaq məxrəcə gələ, nə də etirazların qarşısını tam ala bilir. Bəs Fransada baş verənlərin arxasında hansı səbəblər dayanır? Hökumət yaranmış böhrandan çıxış yolu tapa biləcəkmi, yoxsa ölkədəki qarşıdurma daha da dərinləşəcək? Hadisələrin sonu hara gedir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Fransada davam edən iğtişaşların əsas səbəblərindən biri tələbələrin etirazlarıdır: “Belə ki, hökumət təhsil siyasəti ilə bağlı bir sıra əsassız qərarlar qəbul edib və bu qərarlar dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin kəskin azalmasına səbəb olub. Bu da, təbii ki, tələbələrin ciddi narazılığına və etirazlarına gətirib çıxarıb. Ümumiyyətlə, son dövrlərdə Makron hökumətinin həyata keçirdiyi tədbirlər Fransada bir çox sahə üzrə büdcə xərclərinin, daha doğrusu, ayrılan vəsaitin azalmasına səbəb olub. Bu isə sosial vəziyyəti daha da çətinləşdirir. Bir müddət əvvəl Fransa hökuməti səhiyyə sahəsində də oxşar addım atmışdı. İndi isə təhsil sahəsində eyni siyasətin həyata keçirilməsi tələbələr və təhsil işçiləri arasında narazılığa səbəb olur. Onlar hesab edirlər ki, bu qərarlar təhsilin keyfiyyətinin pisləşməsinə gətirib çıxaracaq”.

Politoloq qeyd edib ki, etirazlar artıq siyasi xarakter almağa başlayıb: “Belə ki, solçu qüvvələr də aksiyalara dəstək verirlər. Sosialistlərin lideri Jan-Lük Melanşon növbəti prezident seçkiləri ilə bağlı öz siyasi hesablarını aparır və aktiv şəkildə etirazçıları dəstəkləyir. Bu da etirazların daha çox siyasiləşməsinə gətirib çıxarır. Bununla yanaşı, etirazlar təkcə siyasiləşmir, həm də nəzərəçarpacaq dərəcədə radikallaşır. Bu isə, əlbəttə ki, ciddi problemlərin yaranmasına səbəb olur. Etirazlar zamanı polislə toqquşmaların baş verməsi, eləcə də müxtəlif ərazilərə hücumların təşkil olunması vəziyyəti daha da gərginləşdirən amillərdir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Fransada etirazlar müəyyən müddət ərzində intensivliyi dəyişsə də, davam edəcək. Eyni zamanda, bu aksiyalar 2027-ci ildə keçiriləcək prezident seçkilərinin nəticələrinə də ciddi təsir göstərə bilər”.
Ayhan
20:00 02.11.2026
Oxunuş sayı: 62