Moskvada terror həyəcanı: ABŞ Rusiyaya qarşı pərdəarxası əməliyyatlara hazırlaşır? – Hərbi ekspertdən ŞOK İDDİA!
Moskva və Vaşinqton arasında münasibətlərin gərgin olduğu bir vaxtda ABŞ-nin Rusiyanın paytaxtında mümkün terror aktı ilə bağlı xəbərdarlıq etməsi diqqət çəkib. Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ABŞ-dən Moskvada terror aktına hazırlıq barədə məlumat aldığını açıqlayıb. Eyni zamanda, ABŞ-nin Moskvadakı səfirliyi “Tsaritsyno” muzey-qoruğunda kütləvi insan tələfatı təhlükəsi barədə xəbərdarlıq edərək vətəndaşları həmin ərazidən uzaq durmağa çağırıb. Baş verənlər terror təhlükəsinin real xarakteri ilə yanaşı, iki ölkə arasındakı münasibətlərə mümkün təsirləri də gündəmə gətirir. ABŞ Rusiya ilə münasibətlərin hazırkı həssas mərhələsində belə ciddi təxribata əl atmaq riskini gözə ala bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Emin Həsənli Crossmedia.az-a açıqlama verib:
“Bu cür hadisələri törədən ölkələrin heç biri məsuliyyəti öz üzərinə götürmür. Hər zaman baş verənlər hansısa terror qruplaşmasının üzərinə atılır. Lakin nəzərə almaq lazımdır ki, dünyada fəaliyyət göstərən terror qruplaşmaları müxtəlif ölkələr tərəfindən dəstəklənir. Həmin dövlətlərin maliyyə, silah-sursat, təlim, informasiya və kəşfiyyat dəstəyi olmadan bu cür hadisələrin həyata keçirilməsi mümkün deyil. Belə imkanlara malik olmayan hər hansı terror qruplaşması müstəqil şəkildə bu miqyasda əməliyyatlar həyata keçirə bilməz. Artıq XX əsrin sonlarından və XXI əsrin əvvəllərindən etibarən dünyada müharibələrin xarakteri dəyişib. Böyük dövlətlər rəqib ölkələrə qarşı mübarizədə müxtəlif terror qruplaşmalarından istifadə edir, digər ölkələrdə bu cür hadisələrin törədilməsinə şərait yaradır və ya separatizm meyillərini dəstəkləyirlər. Əgər XX əsrin əvvəllərində dövlətlər əsasən birbaşa qarşı-qarşıya gəlirdilərsə, İkinci Dünya müharibəsindən sonra başqa ölkələrin arxasında dayanaraq, müxtəlif vasitələrlə müharibələr aparmağa başladılar”.

E.Həsənli qeyd edib ki, Hindistan-Pakistan, Əfqanıstan, İraq, İran-İraq və Şimali-Cənubi Koreya arasındakı münaqişələr buna nümunə göstərilə bilər: “Bu müharibələrdə ayrı-ayrı dövlətlərin müxtəlif tərəfləri dəstəkləməsi və proseslərə müdaxiləsi müşahidə olunub. XX əsrin sonlarından etibarən isə böyük dövlətlər öz maraqlarını terror təşkilatları və separatçı qüvvələr vasitəsilə həyata keçirməyə daha çox üstünlük verməyə başlayıblar. Belə hallarda dövlətlər öz iştiraklarını gizlətməyə, baş verən hadisələrə görə məsuliyyəti ayrı-ayrı qruplaşmaların üzərinə qoymağa çalışırlar. Hazırkı vəziyyətdə isə ABŞ-nin də Ukrayna vasitəsilə bu cür proseslərdə iştirak edə bildiyini düşünürəm. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı müxtəlif istiqamətlərdə zərbələr endirilir. Bu baxımdan, ABŞ-nin müəyyən hadisələrlə bağlı mövqeyi də diqqət çəkir. Düşünürəm ki, yaxın zamanda ABŞ ilə Rusiya arasında pərdəarxası gərginliyin müəyyən məqamları üzə çıxa bilər. Belə proseslər əvvəlcə diplomatik və siyasi müstəvidə gizli şəkildə cərəyan edir, sonra isə müxtəlif hadisələr və vasitələrlə özünü açıq şəkildə büruzə verir. Yaxın gələcəkdə bunun şahidi ola bilərik”.
Ayhan
18:00 02.11.2026
Oxunuş sayı: 57