Moskvadan İrəvana yeni zərbə: Ermənistan-Rusiya münasibətləri gərginləşir
Ermənistan-Rusiya münasibətlərində diplomatik gərginliyin yeni təzahürü müşahidə olunur. Moskva Ermənistanın yeni səfiri kimi irəli sürdüyü Samvel Mkrtçyanın namizədliyinə aqreman verməkdən rəsmən imtina edib. NATO yanında Ermənistan missiyasına rəhbərlik etmiş diplomatın Rusiyaya səfir təyin olunmasının əngəllənməsi iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətini yenidən gündəmə gətirib. Bu qərar həm İrəvanın Qərblə və NATO ilə yaxınlaşma siyasəti, həm də Moskvanın Ermənistanın xarici siyasət kursuna münasibəti kontekstində diqqət çəkir. Görəsən Rusiyanın Samvel Mkrtçyanın namizədliyini qəbul etməməsinin əsas səbəbi nədir? Bu qərar daha çox Moskvanın NATO ilə münasibətlərindən, yoxsa Ermənistanın son dövrlərdə Qərbə yaxınlaşma siyasətindən qaynaqlanır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən diplomat, politoloq Fikrət Sadıqov qeyd edib ki, Ermənistanın öz səhvini qəbul etməməsi, yəni aqreman verməməsi bir sıra səbəblərlə bağlı ola bilər: “Bu səbəblərdən biri həmin diplomatın NATO-da təmsil olunması və Rusiya əleyhinə bir sıra bəyanatlar səsləndirməsidir. Digər tərəfdən, Ermənistanın NATO və Qərb ölkələri ilə yaxınlaşmaq cəhdləri və bu istiqamətdə atdığı addımlar Moskvanı ciddi şəkildə narahat edir. Əsas səbəblərdən biri budur”.

Politoloq əlavə edib ki, əslində, bu proses adi diplomatik praktikaya uyğundur: “Əgər hansısa şəxs müəyyən dövlətə qarşı bəyanatlarla çıxış edibsə və ya həmin dövlətin rəqibi hesab olunan siyasi strukturda əvvəllər təmsil olunubsa, onun başqa bir ölkəyə təyinatı, simvolik xarakter daşısa belə, həmin dövlətə qarşı müəyyən təzyiq və ya diplomatik zərbə kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Rusiya da bu addımı məhz belə qəbul edir. Təbii ki, bu vəziyyətin dövlətlər arasında diplomatik münasibətlərin tamamilə kəsilməsinə gətirib çıxaracağını düşünmürəm. Lakin məsələ iki ölkə arasında müəyyən gərginliyin yaranmasına səbəb ola bilər”.
Ayhan
17:30 02.11.2026
Oxunuş sayı: 59