Cəmiyyət niyə partlamağa hazır bombaya çevrilib? – Aqressiyanın arxasında nə dayanır?
Son dövrlər Azərbaycanda ictimai müzakirələrin tonu getdikcə sərtləşir, sosial şəbəkələrdə səsləndirilən fikirlərə münasibət isə çox zaman tənqid çərçivəsini aşaraq aqressiv qarşıdurmaya çevrilir. Millət vəkillərinin, dövlət məmurlarının və ictimai xadimlərin hər hansı açıqlaması cəmiyyətdə geniş rezonans doğurur, bəzən ən adi təkliflər belə kəskin etirazlarla qarşılanır. Əlbəttə, fikir ayrılıqları və tənqid sağlam cəmiyyətin ayrılmaz hissəsidir. Lakin tənqidin təhqirə, müzakirənin şəxsi hücumlara çevrilməsi ictimai münasibətlərdə ciddi problemin mövcudluğundan xəbər verir. Bu aqressiyanın arxasında sosial narazılıq, illər ərzində formalaşmış inamsızlıq və ictimai fiqurlara qarşı yaranan etimad böhranı kimi amillər dayanır. Digər tərəfdən, ictimai xadimlərin səsləndirdikləri fikirlərə görə məsuliyyət daşımaları və cəmiyyətin həssaslığını nəzərə almaları da mühüm əhəmiyyət kəsb edir. Son günlər Milli Məclisdə səsləndirilən fikirlər, deputatların təklifləri və Aqil Abbasın Ağdamda evlə bağlı müraciəti ətrafında yaranan müzakirələr bu problemin aktuallığını bir daha nümayiş etdirir. Bütün bunlar göstərir ki, cəmiyyətdə sağlam müzakirə mədəniyyətinin və qarşılıqlı etimadın gücləndirilməsinə ciddi ehtiyac var.
Mövzu ilə bağlı Azərbaycan Autizm Assosiasiyasının və Türk Dövlətləri Autizm Federasiyasının rəhbəri Elnur Məmmədli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda millət vəkillərinin, dövlət məmurlarının və ictimai xadimlərin səsləndirdiyi fikirlərə cəmiyyətin münasibəti getdikcə daha aqressiv xarakter alır. Bunun, əlbəttə, həm obyektiv, həm də subyektiv səbəbləri var. Amma diqqət çəkən əsas məqam odur ki, cəmiyyətdə elə bir ictimai-psixoloji mühit formalaşıb ki, bəzən hətta insanların və bütövlükdə cəmiyyətin xeyrinə olan təşəbbüslər belə müsbət qarşılanmır. Son günlər Milli Məclisdə səsləndirilən fikirlər, deputatların çıxışları, eləcə də Aqil Abbasın Ağdamda evlə bağlı müraciəti ətrafında yaranan müzakirələr buna nümunədir. Və ya deputatın STOP sözünün dəyişdirilməsi ilə bağlı təklifi. STOP beynəlxalq miqyasda qəbul edilmiş, yol hərəkətində hamı tərəfindən anlaşılan sözdür. Onun Azərbaycanda istifadəsi də məntiqi və praktik baxımdan əsaslandırıla bilər. Əlbəttə, bu cür təkliflərin müzakirə edilməsi normaldır, amma müzakirə ilə aqressiv hücum arasında fərq olmalıdır. Aqil Abbasın Ağdamda ev istəməsi məsələsinə gəlincə, burada da maraqlı bir məqam var. Vaxtilə müəllimlərə işdən sonra torpaq əkib-becərməyi, əlavə gəlir əldə etməyi tövsiyə edən çıxışı ilə gündəmə gələn bir şəxsin bu gün özünün dövlətdən ev istəməsi cəmiyyətdə haqlı suallar yarada bilər. İnsanlar onun əvvəlki mövqeyi ilə indiki müraciəti arasında ziddiyyət görürlərsə, bunu müzakirə etmək onların hüququdur".

E.Məmmədov həmçinin bildirib ki, lakin burada başqa bir məsələ də var: "Niyə cəmiyyət bu qədər tez qəzəblənir? Niyə hər çıxış, hər təklif, hər müraciət dərhal kəskin qarşıdurmaya çevrilir? Bunun səbəblərindən biri də illər ərzində formalaşmış inamsızlıqdır. İnsanlar bəzən deyilən sözün özünə deyil, həmin sözü deyən şəxsin keçmiş fəaliyyətinə, davranışına və cəmiyyətdəki nüfuzuna münasibət bildirirlər. Əslində, dövlət məmurları və ictimai xadimlər də bilməlidirlər ki, cəmiyyət qarşısında səsləndirilən hər fikir müəyyən məsuliyyət daşıyır. İnsanların tənqid etmək, sual vermək və etiraz bildirmək hüququ var. Amma cəmiyyət də tənqidlə təhqiri, sağlam müzakirə ilə aqressiyanı bir-birindən ayırmağı bacarmalıdır. Unutmayaq ki, sağlam cəmiyyət hər deyilən fikri alqışlayan cəmiyyət deyil. Sağlam cəmiyyət fərqli fikirləri dinləməyi, müzakirə etməyi və arqumentlərlə cavab verməyi bacaran cəmiyyətdir. Bizim daha çox ehtiyac duyduğumuz şey qarşılıqlı ittihamlar deyil, ictimai etimad, məsuliyyət və sağlam müzakirə mədəniyyətidir".
Ayhan
17:30 02.11.2026
Oxunuş sayı: 84