Belçikanın Baş naziri istefa verib
Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra istefa ərizəsini Kral Filippə təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, hökumət koalisiyasına daxil olan beş partiya büdcə kəsirinin azaldılması üçün nəzərdə tutulan tədbirlər barədə razılığa gələ bilməyib.
Tərəflər arasında təxminən 10 milyard avroluq qənaət tədbirləri və vergi artımları ilə bağlı fikir ayrılıqları yaranıb.
Kral Filipp Baş nazirin istefasını hələlik qəbul etməyib. O, noyabrın 3-dən koalisiya partiyalarının rəhbərləri ilə məsləhətləşmələrə başlayacaq.
Kralın Bart De Veverlə növbəti görüşü noyabrın 6-na təyin edilib.
Xatırladaq ki, De Vever 2025-ci ilin dekabrında Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya reparasiya kreditinin verilməsi təşəbbüsünə qarşı çıxmışdı.
Rusiyanın dondurulmuş aktivlərinin böyük hissəsi Belçikada yerləşən “Euroclear” depozitarında saxlanılır.
Baş nazir mart ayında Avropa İttifaqını Rusiya ilə münasibətləri normallaşdırmağa və bu ölkədən enerji daşıyıcılarının alınmasını bərpa etməyə də çağırmışdı.
Belçikada mümkün hökumət dəyişikliyinin Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın maliyyələşdirilməsi məsələsində ölkənin mövqeyinə təsir göstərə biləcəyi ehtimal olunur. Bununla bağlı hələlik yeni qərar qəbul edilməyib.
16:26 02.11.2026
Oxunuş sayı: 56