Rusiya hərbçilərin maaşlarını gələn ilə saxlayır?
Rusiyada büdcə kəsirinin artması fonunda hərbçilərin dekabr ayı üzrə maaşlarının ödənilməsinin 2027-ci ilin yanvarına keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, “Vyorstka” nəşri Rusiya Müdafiə Nazirliyinin hazırladığı əmr layihəsinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, yeni qaydalar təsdiqlənərsə, hərbi qulluqçuların əksəriyyəti dekabr ayının maaşını 2027-ci il yanvarın 11-dən 21-dək alacaq.
Əvvəlki qaydalara əsasən, dekabr ayının ödənişləri ilin sonunadək həyata keçirilirdi. Belə bir dəyişiklik ən azı son 18 ildə ilk dəfə tətbiq oluna bilər.
İstisna Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən hərbçilərə şamil ediləcək. Onların maaşlarının dekabrın 25-dək ödənilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu addım Rusiyanın müəyyən büdcə xərclərini növbəti maliyyə ilinə keçirməsinə imkan verə bilər.
“Reuters”in Rusiya hökumətinin büdcə sənədlərinə istinadən yaydığı məlumata görə, 2026-cı ildə federal büdcə kəsirinin ÜDM-in 3,2 faizinə çatacağı gözlənilir.
Eyni zamanda, Rusiyanın 2027-ci ildə müdafiə xərclərinə təxminən 17,1 trilyon rubl ayırmağı planlaşdırdığı bildirilir. Bu, əvvəlki büdcə planından 27 faiz çoxdur.
Qeyd edək ki, hərbçilərin maaşlarının ödənilməsi qaydasına dair dəyişiklik hələlik layihə mərhələsindədir və onun qüvvəyə minməsi üçün rəsmi təsdiq tələb olunur.
15:25 02.11.2026
Oxunuş sayı: 50