Zelenski Trampa şərt qoydu: Bir aylıq Patriot raketləri verin
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün bir aylıq raket ehtiyatı təqdim edəcəyi təqdirdə Rusiyanın neft emalı zavodlarına zərbələri müvəqqəti dayandırmağa hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin “Fox News” telekanalına müsahibəsində danışıb.
Ukrayna liderinin sözlərinə görə, Kiyev Rusiyanın enerji infrastrukturuna hücumlarına cavabsız qala bilməz.
Zelenski bildirib ki, Rusiya Ukraynanın elektrik və qaz obyektlərinə zərbələr endirir, nəticədə insanlar həyatını itirir.
O vurğulayıb ki, Vaşinqton Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları dayandırmasını istəyirsə, Moskva da Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmalıdır.
Ukrayna Prezidenti alternativ olaraq ABŞ-dən bir aylıq “Patriot” raket ehtiyatı istəyib. Onun sözlərinə görə, bu təminat verilərsə, Kiyev həmin müddətdə Rusiya neft emalı zavodlarına hücumları dayandırmağa hazırdır.
Zelenski əlavə edib ki, Ukrayna bu raketləri ABŞ-dən əvəzsiz yardım kimi deyil, ödəniş etməklə almağa da hazırdır.
Qeyd edək ki, ABŞ oktyabrın 30-da Ukraynaya 500 ədəd “Patriot” raketinin satışını təsdiqləyib. Lakin Zelenski onların çatdırılmasının bir neçə il çəkə biləcəyini bildirib.
15:48 02.11.2026
Oxunuş sayı: 54