Avropada Trampın NATO ilə yeni qarşıdurmaya başlayacağından ehtiyat edirlər
Avropa diplomatları ABŞ-də keçiriləcək Konqres seçkilərində respublikaçıların çoxluğu itirməsinin Prezident Donald Trampın NATO-ya qarşı daha sərt siyasət yürütməsinə səbəb ola biləcəyindən narahatdırlar.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri bu barədə Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, avropalı rəsmilər Trampın seçkilərdən sonra NATO ilə münasibətlərdə yeni gərginlik yarada biləcəyini istisna etmirlər.
Diplomatların ehtimal etdiyi addımlar arasında ABŞ-nin Avropadan daha bir neçə min hərbçisini çıxarması, NATO büdcəsinə ayırdığı vəsaiti azaltması və Ukrayna üçün silah alınmasını nəzərdə tutan PURL proqramını məhdudlaşdırması var.
Bundan əlavə, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu Kiyevin ABŞ tərəfindən təklif olunan sülh razılaşmasını qəbul etməsi ilə əlaqələndirə biləcəyi iddia olunur.
Avropalı müttəfiqləri xüsusilə ABŞ-nin qitədəki hərbi kontingentinin sayına yenidən baxılması məsələsi narahat edir. Bu prosesin dekabr ayında başa çatdırılması gözlənilir.
Diplomatik mənbələr həmçinin Trampın Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri Rusiya Prezidenti Vladimir Putinlə daha geniş razılaşmanın tərkib hissəsinə çevirməyə çalışa biləcəyindən ehtiyat edirlər.
Qeyd edək ki, sadalanan addımlar hələlik mümkün ssenarilər kimi qiymətləndirilir. ABŞ administrasiyasının bu istiqamətdə yekun qərar qəbul etdiyi barədə məlumat yoxdur.
16:03 02.11.2026
Oxunuş sayı: 57