Ermənistan sərhədlərindən Rusiya hərbçilərini çıxarmağa hazırlaşır
Ermənistan dövlət sərhədlərinin mühafizəsini mərhələli şəkildə tamamilə öz sərhəd qoşunlarının nəzarətinə verməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Armenpress” dövlət informasiya agentliyi bu barədə məlumat yayıb.
Baş nazir Nikol Paşinyan noyabrın 2-də parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, ölkənin bütün sərhədlərinə nəzarət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına həvalə edilməlidir.
Onun sözlərinə görə, bu istiqamətdə islahatlar Avropa İttifaqı ilə vizasız rejimə keçid üçün tələb olunan standartlara uyğunlaşma baxımından da əhəmiyyətlidir.
Paşinyan qeyd edib ki, noyabrın 1-dən Ermənistanda biometrik pasport sisteminin tətbiqinə başlanılıb. Bu yenilik Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması prosesinin mühüm mərhələlərindən biridir.
Baş nazir bildirib ki, sərhəd qoşunlarının statusunda dəyişikliklər aparılacaq və orta müddətli perspektivdə ölkənin bütün dövlət sərhədləri Ermənistanın müvafiq qurumları tərəfindən mühafizə olunacaq.
Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildən Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirak edirlər.
2024-cü ilin avqustunda İrəvanın “Zvartnots” beynəlxalq hava limanında sərhəd nəzarəti tamamilə Ermənistan tərəfinə verilib.
2025-ci il yanvarın 1-dən isə İranla sərhəddə yerləşən “Aqarak” buraxılış məntəqəsində nəzarəti Ermənistan sərhədçiləri müstəqil həyata keçirirlər.
Hazırda Türkiyə və İranla sərhədlərin mühafizəsinin müəyyən hissələrində erməni və rus sərhədçiləri birgə xidmət aparırlar.
Paşinyan vurğulayıb ki, hökumət sərhəd mühafizəsinin tamamilə milli qüvvələrə ötürülməsi istiqamətində islahatları davam etdirəcək.
16:59 02.11.2026
Oxunuş sayı: 69