Hörmüz boğazında 9 gün ərzində 11 tanker yanıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında son doqquz gün ərzində 11 neft tankerində yanğın baş verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, SEPAH-la əlaqəli “Sepah” informasiya kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, hadisələr oktyabrın 25-dən noyabrın 2-dək olan dövrü əhatə edir.
Bildirilib ki, yanğın baş verən tankerlər İranın boğazdan keçidlə bağlı müəyyən etdiyi qaydaları pozublar.
SEPAH-ın iddiasına əsasən, bəzi gəmilər yanğından sonra batıb. Lakin onların sayı və hansı ölkələrə məxsus olması barədə ətraflı məlumat verilməyib.
İran tərəfi hadisələrin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin Hörmüz boğazına səfərindən sonra baş verdiyini vurğulayıb.
Qeyd edək ki, SEPAH noyabrın 1-də də Hörmüz boğazında iki neft tankerinin dəniz minalarına düşərək partladığını açıqlayıb.
“Reuters” agentliyi oktyabrın 30-da SEPAH-ın dörd tanker barədə oxşar iddialarını yayıb, lakin məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Hörmüz boğazında doqquz gündə 11 tankerin yanması və bəzilərinin batması ilə bağlı ümumi rəqəmlər də hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
17:17 02.11.2026
Oxunuş sayı: 47